İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonu, Öryət kəndi, Qarasu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edib.
"DİA-AZ" xəbər verir ki, əmlak kompleksinin ümumi qiyməti 2 milyon manatdır.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2 milyon manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir.
Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650 min manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilər.
İnvestisiya müsabiqəsinə çıxarılan səhmdar cəmiyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə ətraflı məlumat almaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu prosesi 22 sentyabr 2026-cı il tarixi daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 23 sentyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.










