İran dövlət televiziyasında ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsdi maliyyələşdirmək məqsədilə ianə kampaniyasına başlanılıb. Qalmaqallı çağırış "IRIB Quran" kanalının canlı efirində səsləndirilib. Kanalın aparıcısı Məryəm Qasimi canlı efirdə tamaşaçılara müraciət edərək, ABŞ prezidentini qətlə yetirən şəxs üçün nəzərdə tutulan mükafat fonduna ianə etməyə çağırıb. Bütün iranlılar ümid edir ki, günlərin birində biz Trampın ölüm xəbərini canlı efirdə elan edəcəyik", - deyə aparıcı bildirib.
Efir zamanı diqqətçəkən digər məqam isə toplanan iyanənin həcmi olub. Canlı yayım boyunca, kampaniyaya cəmi 535 dollar civarında vəsait yığılıb. Məbləğin azlığını görən verilişin qonağı, iranlı iş adamı Əlirza Yunçi öz cibindən 19 milyon tümen əlavə edəcəyini söz verərək, ümumi məbləği 535 dollara çatdırıb. Qeyd edək ki, iyul ayında İsrail kəşfiyyatı Vaşinqtona rəsmi Tehranın Donald Trampa qarşı yeni sui-qəsd planlaşdırdığına dair məlumatlar göndərib. Bu olayın İran və ABŞ arasındakı diplomatik çatları daha da dərinləşdirəcəyi gözlənilir.
Mövzu ilə bağlı siyasi şərhçi, ilahiyyatçı Tural İrfan Sherg.az-a bildirib ki, müasir dünyada hansısa dövlət rəhbərini öldürmək üçün vəsait toplanması həm dini həm də hüquqi yöndən doğru deyil:
“Müharibənin də öz qanunları var. İslama görə haqq hədəfə çatmaq üçün batil və haram yollardan istifadə etmək məqbul hesab olunmur. Bu kimi işlər digər ölkələr üçün də mənfi nümunə yaradır. İranda ABŞ prezidentinin qətli üçün vəsait toplanması əsasən psixoloji təziq effekti yaratmağa hesablanıb. Eyni zamanda baş verəcək əmələ xalqı da şərik etmək üçündür. Toplanan vəsait simvolik mənada olsa da, mahiyyəti etibarı ilə cəmiyyəti də cinayətlərə şərik etmək xarakteri daşıyır. Xüsusən İslam adına iddialı olan bir ölkədə belə bir kampaniyanın aparılması, din haqqında da mənfi təəssürat yaradır”.
Politoloqun sözlərinə görə, İran dövlət kanalında atılan bu addım islam tarixinin görkəmli şəxsiyyətlərinin mənəvi irsi və ortaya qoyduğu dəyərlərlə daban-dabana ziddir:
“İmam Əli xəlifəliyi dövründə müxtəlif formalarda təhdidlər və savaşlarla üzləşib. Lakin heç kəsin həyatına sui-qəsd təşkil etməyib, məkrli plan qurmayıb. Dinin özəl prinsiplərindən kənara çıxmayıb. ABŞ-nin və İsrailin İrana qarşı ziyan vurması, müharibə aparması, eyni zamanda Yaxın Şərqdəki vəziyyətdə məsuliyyət daşıması hüquqi yollarla cavabdehliyə cəlb etmək üsulu ilə olmalıdır. Əhalidən qətl üçün vəsait toplamaq orta əsr ənənələrinə uyğundur. Müasir dünya üçün dəhşətli nümunədir”.










