Azərbaycanda Atatürk Mərkəzi iki fiziki şəxslə – Abbasov Bayram Əli oğlu (VÖEN – 2100814102) və Atatkişiyev Allahverdi Rauf oğlu (VÖEN – 2003172942) ilə xidməti müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilələrin şərtlərinə görə, Bayram Abbasov Atatürk Mərkəzinə gözətçi, Allahverdi Atatkişiyev isə sürücü xidməti göstərəcək.
Göstəriləcək xidmətlər 2026-cı il ərzində – 5 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək həyata keçiriləcək.
Atatürk Mərkəzi gözətçi xidməti üçün Bayram Abbasova 6 min manat (ayda 600 manat), sürücü xidməti üçün isə Allahverdi Atatkişiyevə 8 min 400 manat (ayda 700 manat) ödəyəcək.
Məlumat üçün bildirək ki, 2021-ci ildə Əmək Məcəlləsinə dəyişiklik edilərək əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Dəyişikliyə əsasən, tərəflər arasında münasibətlər Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallardan birinə uyğun gəldikdə, həmin münasibətlərin xidməti (mülki-hüquqi) müqavilə ilə rəsmiləşdirilməsinə yol verilmir.
Həmin hallardan biri də 2-3.3-cü bənddə nəzərdə tutulan şəxsin müəyyən peşə və ya vəzifəyə qəbul edilməsi və ya təyin olunmasıdır. Bu halda münasibətlər əmək münasibəti hesab edilir və əmək müqaviləsi bağlanmalıdır. Şəxslərin konkret peşə və ya vəzifəyə qəbul edilməsi zamanı onlarla xidməti müqavilə bağlanması yolverilməzdir. Belə hallarda işəgötürən həmin şəxslərlə əmək müqaviləsi rəsmiləşdirməlidir.
Onu da bildirək ki, Vergilər Xidmətindən verilən açıqlamada dəyişikliyin əsas məqsədinin faktiki əmək münasibətlərinin xidməti müqavilə adı altında rəsmiləşdirilməsinin qarşısının alınması olduğu qeyd olunub.










