Vaxtilə Sovet hökumətinin təqiblərindən yaxa qurtarıb Yevlax rayonunun Kövər kəndində onların nəslini tanıyanlardan iraq guşədə babam Xansuvar bəylə yurd salmışdı.
Müxtəlif illərdə ferma müdiri, kolxoz sədri, partiya komitəsinin katibi kimi vəzifələrdə çalışdığına görə bütün Yevlax-Bərdə ərazisində camaatın öz dərdlərinə çarə üçün müraciət etdiyi ağbirçəyə çevrilmişdi. Sözü yerli hökumət qurumlarında keçirdi. Adamların sevə-sevə Arəstə mama, Arəstə xala dedikləri nənəmin yanına gəlib gedənləri çox olurdu: işdən çıxarılan kim, cinayət məsuliyyətinə cəlb olunan kim, əri ilə, arvadı ilə problemi olan kim... Elə müşkül olmazdı ki, o müdaxilə edəydi də məsələ həll olunmamış qalaydı.
Qan düşmənçiliyi səviyyəsində münasibətləri korlanan insanları necə barışdırırdısa, adam heyran qalırdı. O qədər də ciddi olmayan səbəblər üzündən həbsə düşənlər üçün rayon rəhbərliyinə təkidli müraciətləri heç zaman cavabsız qalmazdı. Camaat içində hörmətini nəzərə alan rayon rəhbərliyi ona ehtiram bəsləyirdi.
...Arəstə xanım Kövər kəndinə köçəndə ötən illərinin, atasının, onun sağlığında gördüyü cah-cəlallı güzəranın xiffətini çəkə-çəkə ara sıra ağlayırmış. Babam ona deyir, daha bəsdir, şura hökuməti möhkəmlənir, şəraitə uyğunlaşmaq lazımdır, get işlə, başın qarışsın. Və yerli kolxozda bəy qızına təklif olunan iş də olur sağıcılıq. Babamın məsləhətilə sağıcılığa başlayır. Bununla Arəstə xanım ilk əmək fəaliyyətinə qədəm qoyur.
Fərasətli gənc xanım çox qısa zamanda özünü necə göstərirsə, onu ferma müdiri təyin edirlər. Bir-iki ildən sonra olur kolxoz sədri, hakim partiya sıralarına daxil olur. Bir gün də Azərbaycan kommunist partiyasının növbəti qurultayına nümayəndə seçilir. Qurultayda öz təşəbbüsü ilə təsərrüfat məsələlərindən nitq söyləyir. Mərkəzi Komitə üzvlüyünə seçilmiş şəxslərin əvvəlcədən hazırlanmış siyahısı oxunanda Mircəfər Bağırov deyir Arəstə xanımı da salsınlar o siyahıya: nitqi xoşuna gəlibmiş. Xanım olur Azərbaycan KP MK-nın üzvü. Ertəsi gün Bağırova onun keşmiş kimliyi haqqında geniş bir arayış təqdim edən Xalq Daxili İşlər Komissarlığının (məşhur NKVD) sədri bildirir ki, Bağırovun namizədi çar dövründə pristav, cumhuriyyət illərində Zəngəzur qəza rəisinin birinci müavini işləmiş məşhur Şahsuvar bəyin qızıdır. Bağırov qəzəblə göstəriş verir yoxlasınlar Arəstə xanım bu qurultaya necə gəlib düşüb. Araşdırırlar, öyrənirlər ki, xanımı qurultaya nümayəndə kimi o zaman məsul vəzifədə çalışan yazıçı Əli Vəliyevin tövsiyəsilə göndəriblərmiş. Əli Vəliyevi sorğuya çəkirlər, o da izahatında bildirir Şahsuvar bəy sovet hökumətinə müqavimət göstərməyib, öz əcəli ilə rəhmətə gedib, qızı da sovet hökuməti üçün təsərrüfat işlərində fəallıq göstərir və s. Əli Vəliyevdən əl çəkirlər. Arəstə xanım isə MK-nın rəsmən üzvü qalsa da, qurultayarası dövrlərdə onu bir dəfə də olsun MK-nın plenum yığıncaqlarına dəvət etmirlər. Arəstə xanım sinfi mənşəyinə görə bir müddət bu etimadsızlıq mühitində işləməli olur.
...İkinci dünya müharibəsi illəri imiş. Xansuvar bəyin şəraitə uyğunlaşmaq tövsiyəsinə əməl edən Arəstə xanım növbəti manevrini edir: atasından qalan cehizli varidatını pula çevirir, bir tank qiymətində məbləği ölkənin müdafiə fonduna göndərir. Buna görə Stalindən rəsmi təşəkkür teleqramını alır. Belə teleqramlar o zaman qəzetlərdə də tirajlanırmış. Şura hökumətinin gözündə əsl bəraətini məhz həmin teleqramdan sonra qazanan Arəstə xanımın nüfuz və fəaliyyət dairəsi genişlənir.
Heydər Əliyevin də ona xüsusi rəğbəti vardı. Bölgələrə səfərləri zamanı bir neçə dəfə görüşüblər də. Belə görüşlərin birində Azərbaycan rəhbəri Arəstə xanımdan Zəngəzurla, oradakı qohumları ilə əlaqə saxlayıb-saxlamadığını soruşur, ermənilərin Sisian ərazisindəki tarixi Azərbaycan qəbirlərinin izini itirməyə çalışdıqlarından narahatlığını onunla bölüşür. Söhbətdə təsərrüfat işlərinin gedişini də ikilikdə müzakirə edirlər. H.Əliyev rayonu tərk etməyə hazırlaşanda Arəstə xanım ərklə ona deyir, salamatlıqla gedin, amma əvvəlcə siz bizim çörəyimizi də yeməlisiniz, çayımızı da içməlisiniz! H.Əliyev də gülümsəyərək, doğru deyirsiniz, mən sizin yeməyinizi də yeməliyəm, çayınızı da içməliyəm deyib səfər cədvəlini pozur, təsərrüfat sahəsində açılan stol arxasındaca Arəstə xanımla, bir neçə başqa təsərrüfat fəalı ilə nahar edir. Ayrılanda Arəstə xanımdan hansısa bir xahişinin olub-olmadığını soruşur. Yalnız sizin sağlığınız desə də H.Əliyev yenə soruşur və yenə eyni cavabı alandan sonra israr edir. Arəstə xanım, madam təkid edirsiniz, deyim, yeganə xahişim budur, Qasımdan muğayat olun, deyir. H.Əliyev gülərək, Qasıma nə olub axı, ölkədə tanınmış şairdir deyib Arəstə xanımı bağrına basır.
Bir neçə gün əvvəl öyrənmişəm ki, Kövər kəndini iki bölən mərkəzi küçəyə Arəstə Hüseynovanın adını vermişlər. Yerli rəhbərlik onun adını beləcə əbədiləşdirməyə çalışıb, sağ olsunlar.
Nəriman Qasımoğlu - "DİA-AZ"
















