Avropanın Rusiyaya qarşı tətbiq etdiyi enerji siyasətində diqqətçəkən ziddiyyət yaranıb. Belə ki, Moskvanın enerji gəlirlərini azaltmağa çalışan Avropa İttifaqı ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını artırıblar. İyun ayında Rusiyadan Avropaya LNG tədarükünün ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz yüksəlməsi bu asılılığın hələ də tam aradan qalxmadığını göstərir. Üstəlik, Rusiyanın Avropaya enerji ixracından gündəlik gəlirinin 60 milyon avroya çatması Moskvanın enerji satışlarından əldə etdiyi maliyyə imkanlarının davam etdiyini ortaya qoyur. Rusiya LNG-sinin Avropadakı əsas alıcısının isə Fransa olduğu bildirilir.
Brüssel enerji asılılığından qurtulmaq üçün daha sərt addımlar atmağa hazırlaşır. Planlara əsasən, 2027-ci il yanvarın 1-dən Rusiyadan uzunmüddətli müqavilələr əsasında LNG idxalına tam qadağa tətbiq edilməlidir. Qısamüddətli müqavilələr üzrə tədarük isə artıq qadağaya məruz qalıb. Lakin həmin tarixə qədər Rusiya qazının Avropa bazarında qalması Moskvanın enerji resurslarının hələ də ciddi tələbatla qarşılaşdığını göstərir.
Avropa İttifaqı Rusiyanın LNG-sindən tamamilə imtina edə biləcəkmi?
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında Avropa ölkələri arasında fikir ayrılıqlarının aydın göründüyünü qeyd edib:
“Avropanın Rusiya qazından asılılığının nə qədər davam edəcəyi ilə bağlı dəqiq proqnoz vermək hələ çətindir. Çünki məsələ təkcə qazın mövcudluğu ilə bağlı deyil. Burada qazın ixracı üçün lazım olan infrastruktur, boru kəmərləri, logistika və uzun illər ərzində formalaşmış bütöv bir sistem var. Rusiya ilə Avropa arasında qaz ticarətinin arxasında çox geniş və mürəkkəb logistika sistemi dayanır. Buna görə həmin əlaqələrin qısa müddətdə tamamilə aradan qalxacağını düşünmək o qədər də real görünmür. Gələcəkdə Azərbaycanın Avropaya qaz ixracının artması müəyyən dərəcədə bu asılılığın azalmasına kömək edə bilər. Avropa ölkələrinin enerji məsələləri ilə bağlı qəbul etdiyi qərarlara yalnız iqtisadi prizmadan yanaşmaq düzgün olmaz. Burada siyasi amillər, milli maraqlar və ayrı-ayrı ölkələrin siyasi elitalarının mövqeləri də mühüm rol oynayır. Bütün bunlar bir daha göstərir ki, Avropa ölkələri arasında, xüsusilə enerji və qaz idxalı məsələsində tam vahid mövqe yoxdur. Hər bir ölkə öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq qərar verir”.









