“Millətin ziyalısı ağzını açmağa qorxur, çünki ortada mütəşəkkil bir söyüş kampaniyası var.”
Bunu Yenicag.az-a açıqlamasında millət vəkili Tənzilə Rüstəmxanlı deyib.
Tənzilə Rüstəmxanlı “söz azadlığı” pərdəsi altında milli dəyərlərin tapdalandığını bildirib:
“Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub? Millətin ziyalısı ağzını açmağa qorxur, çünki ortada mütəşəkkil bir söyüş kampaniyası var. Millətin aydınları nə olursa-olsun, bu əxlaqsız sürüsünün qarşısında sinəsini sipər etməlidir!”
Millət vəkili azərbaycanlı ailə modelinin və türk əxlaqının hədəfə alındığını bildirərək, mövcud vəziyyəti “dəhşət” adlandırıb:
“Məni təəssüfləndirən məqam iki kişi savaşında qadının söyüş aləti olmasıdır. Bu bizim millətimizdir? Mənim millətim belə olmayıb, mənim millətimin belə əxlaqı yoxdur. Bu millətin əxlaqı, ağlı ilə oynayırlar!”
Tənzilə Rüstəmxanlı Milli Məclisdə bu mövzu ilə bağlı ciddi müzakirələrin getdiyini və sərt qanunların qəbul edilməsinin vacibliyini qeyd edib:
“Dövlətimiz ciddi qanunlar qəbul etməlidir. Gərəkdirsə, millətin övladlarının gələcəyini məhv edən o sosial mediaların hamısını qapatsınlar! Böyük cəzalar və təzminatlar qoyulmalıdır.”
Daha ətraflı videomaterialda:










