Rusiyanın Ukraynaya qarşı işğalının başlanmasından bu yana Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) hər iki tərəfdən itkin düşmüş şəxslərin axtarışı ilə bağlı 182 min müraciət daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi “Vedomosti” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna vətəndaşları itkin düşmüş yaxınlarını axtarırlar. Söhbət təkcə hərbi qulluqçulardan deyil, həm də mülki şəxslərdən, o cümlədən uşaqlardan gedir. Nümayəndə hər iki tərəf üzrə müraciətlərin dəqiq sayını açıqlamasa da vurğulayıb ki, göstərilən rəqəm real mənzərəni tam əks etdirmir və əslində belə ailələrin sayı daha çoxdur.
BQXK hərbi əsirlər barədə məlumatları Rusiya və Ukraynanın bir-birinə təqdim etdiyi rəsmi siyahılar əsasında əldə edir. Bununla yanaşı, təşkilatın nümayəndələri əsir saxlanılan şəxslərin olduğu yerlərə baş çəkərək onların ailələri üçün şifahi və ya yazılı mesajlar toplayırlar. Bu yolla axtarılan şəxsin sağ olduğu müəyyən edilə bilir.
Mənbənin məlumatına görə, müharibənin təxminən dörd ili ərzində BQXK 24,2 mindən çox mesajı hərbi əsirlərdən onların yaxınlarına çatdırıb. Buna baxmayaraq, təşkilatın nümayəndəsi qeyd edib ki, bir çox ailələr illərlə yaxınlarının taleyi barədə heç bir məlumat əldə edə bilmir.
Onun sözlərinə görə, əvvəlki müharibələrin təcrübəsi göstərir ki, itkin düşmüş şəxslərin axtarışı hərbi əməliyyatlar başa çatdıqdan sonra belə onilliklər ərzində davam edə bilər.










