Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun məhkəməsi başlayır.
APA xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 5 yanvara təyin edilib.
Qeyd edək ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.










