
“Ölkədə dövriyyədə olan manat kütləsinin 46 %-i nağd şəkildədir və bu vəsaitlər əsasən əhalinin “yastıq altında” saxladığı pullar və biznesin kassalarıdır”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, bu amil də kapital bazarlarının inkişafı üçün məhdudlaşdırıcı faktor hesab olunur. Sədrin sözlərinə görə, kapital bazarlarının inkişafı üçün bir sıra çağırışlar var:
“Əsas çətinliklərdən biri maliyyə sisteminin bank əsaslı olmasıdır. Hazırda Azərbaycanda maliyyə sisteminin əsas likvidliyi bank sektorunun üzərində cəmləşib və bu da əsasən 4–5 iri bankın payına düşür”.
Taleh Kazımov qeyd edib ki, 10 ildən artıq müddətdə bank sektorunun kapital bazarlarına birbaşa çıxışı olmayıb, lakin artıq yeni tənzimləmə tətbiq edilib və banklar birbaşa kapital bazarlarında iştirak edə bilirlər.
Ümumiyyətlə, Azərbaycanda əhalinin 10 milyard dolları "yastıq altında" saxlamasını səbəbi nədir, vətəndaşlar banklara etibar etmirlər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu rəqəmin özü də sual doğurur:
“Axı “yastıq atında”kı pulu necə dəqiq bilmək olar? Ölkədə ardıcıl olaraq banklarla bağlı böhran yaşandı. Nəticədə bir neçə bank bağlandı. Yəqin ki, həm də insanlar buna görə öz vəsaitini investisiya kimi banklarda saxlaya bilmir. Ümumiyyətlə, ölkədə investisiya şəraiti yoxdur ki, harasa investisiya qoysunlar, ona görə də evdə saxlayırlar”.











