Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.
Bu məsələ Milli Məclisin Vergi Məcəlləsinə etdiyi dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi benzin mühərrikli minik avtomobillərinə görə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.
Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.
Bu qərar “ikinci əl” avtomobillərin bahalaşmasına səbəb olacaq?
Məsələləyə aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, köhnə avtomobillərə tətbiq olunacaq yeni aksiz dərəcələri 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcək:
“Dəyişikliyə görə, istehsal ili 7-dən çox olan minik avtomobillərinin idxalında tətbiq olunan yüksəldici əmsallar artırılır. Benzin mühərrikli avtomobillər üzrə əmsal 1.2-dən 1.5-ə, dizel mühərrikli avtomobillər üzrə isə 1.5-dən 2.0-a qaldırılır. Bu isə aksiz vergisinin avtomobilin mühərrik həcminə görə hesablandığı üçün ümumi vergini nəzərəçarpacaq dərəcədə artıracaq.
Verginin artması idxal olunan köhnə avtomobillərin maya dəyərini yüksəldəcək və nəticədə bazarda satış qiymətlərinin də artmasına səbəb olacaq. Bu dəyişiklik köhnə avtomobillərin ümumilikdə bahalaşmasına gətirib çıxaracaq və xüsusilə 7 yaşdan yuxarı, böyük mühərrikli maşınlarda artım daha çox hiss olunacaq”.











