Bu gün Azərbaycanda kiberdələduzluqlar klassik oğurluqdan daha təhlükəli xarakter alıb. İnternet sadəcə informasiya məkanı olmaqdan çıxıb, həm də yeni tipli cinayətlərin baş verdiyi bir arenaya çevrilib. Artıq dələduzlar küçə-bazarlarda deyil, telefonlarımızın ekranında “gəzirlər”. Sosial şəbəkələrdə bir kliklə açılan saxta səhifələr, özünü maliyyə şirkəti kimi təqdim edən profillər, inanılmaz dərəcədə “cazibədar” şərtlərlə təklif edilən kreditlər… Bir çox insanı elə məhz bu cür tələlər yaxalayır.
Musavat.com redaksiyasına müraciət edən Kürdəmir rayon sakini Azər Azadov da belə bir dələduzluqla üzləşib. Onun sözlərinə görə 28.09.2025-ci ildə “Tik-Tok” sosial şəbəkəsində “manato.az” səhifəsini görərək kredit götürmək üçün onlara müraciət edib. Səhifənin adminstratoruna mesaj yazaraq kredit götürmək istədiyini bildirib.
“O zaman həmin şəxs mənə ətraflı məlumat vermək üçün WhatsApp nömrəsini verdi. Biz söhbətimizi WhatsApp üzərindən apardıq. Mənə 3000 manat kredit lazım olduğunu bildirdim və həmin kreditin istədiyim məbləği 36 ay müddətinə aylıq ödənişi 96 manat olmaqla verilə biləcəyini bildirdi. Mən razılaşdıqdan sonra həmin şəxsin dediklərini etdim və bundan sonra həmin şəxs mənə dedi ki, 3000 manat pulu götürmək üçün siz ilk növbədə MJ Finance “Tezpul” proqramından qeydiyyatdan keçərək 500 manat götürməlisiniz və ondan sonra orada qalan 2500 manat kartınıza göndəriləcək. 500 manat götürmək üçün mən (010) 381-46-46 nömrəsi ilə əlaqə saxlamalı idim. Mənə verdiyi nömrə ilə WhatsApp vasitəsilə əlaqə saxladım və 500 manat kredit götürdüm, lakin 500 manat mənim kartıma köçən kimi, oradakı pul geri çəkildi. Həmin şəxslər ilə əlaqə saxlamağıma baxmayaraq mənə geri dönüş etmədilər və nömrəmi qara siyahıya atdılar”.
Azər Azadov deyib ki, pulu kartından çıxmamışdan əvvəl Tik-Tok sosial şəbəkəsində “manato.az0” səhifəsinə sahib olan şəxs ona WhatsApp üzərindən mesaj yazıb, bildirdib ki, bank kartı yoxdur. Xahiş edib ki, onun kartına 444 manat pul atsın və o pulu sonra dediyi digər bank kartına geri qaytarsın: “Mən də mümkün olduğunu bildirdim. Həmin kart isə Kapital bankda açılıb və kartın sahibi Məryəm adlı xanımdır. Kartın nömrəsi isə 4169-7388-4718-0712-dir”.
Zərərçəkmiş baş prokuror Kamran Əliyevə müraciətində yazır ki, 14.10.2025 və 24.10.2025-ci il tarixlərində Daxili İşlər Nazirliyinə də müraciət edib: “İkinci dəfə Daxili İşlər Nazirliyinə getməyimizin səbəbi isə “Tik-Tok” sosial şəbəkəsində “manato.az0” səhifəsindən məlumatların yenilənməsi idi. Məni Kürdəmir rayon Polis Şöbəsinə yönləndirdilər. Ərizəmi təhqiqatçı Babək İbrahimov aldı və təhqiqat bölüyünün rəhbəri, polis mayoru Süleyman Əsdovla qısa görüşümüz zamanı bu prosesin uzun müddət aparılacağını bildirdilər”.
Azər Azadov deyib ki, hazırda dələduzluqla ələ keçirilən 500 manat vəsaitə görə ondan (010) 253-10-64, (099) 207-34-07, (050) 225-88-76 nömrələrindən zəng etməklə faizlər tələb olunur: “Özlərini MJ Finance “Təzpul” və “Borc Al” BOKT-un əməkdaşları kimi təqdim edən şəxslər məndən krediti ödəməyimi tələb edirlər. Mən isə dələduzların qurbanı olduğumu və bu işlə əlaqədar olaraq Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyimi deməyimə baxmayaraq israrla götürmədiyim kreditin faizləri ilə birgə qaytarılması tələb olunur”.
Azər Azadov bildirir ki, hazırda da Tik-Tok sosial şəbəkəsində “manato.az0” səhifəsi aktivdir və əlaqə nömrəsini dəyişməklə kiberdələduzluğu davam etdirməkdədir. Xahiş edir ki, üzləşdiyi kiberdələduzluq cinayəti araşdırılsın.











