“Bütün ermənilərin katolikosu II Qaregin həm cəmiyyət arasında, həm də kilsə daxilində legitimliyini itirib”. Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Alxas Qazaryan bildirib. Hakim komandanın üzvü vurğulayıb ki, yepiskoplar toplantısı və Ali Ruhani Şuranın iclaslarının pozulması bir daha təsdiqləyir ki, katolikos artıq kilsə daxilində də legitimliyini itirib. II Qaregin isə arxiyepiskopların əsassız və qondarma ittihamlarla həbs edildiyini deyib: "Bilirik ki, keşişlərimiz ruhən əyilməzdirlər və başlarına gələn bütün çətinliklərə mərdliklə sinə gərəcəklər". Qaregin, hakimiyyəti Kilsə əleyhinə aksiyaları dayandırmağa çağırıb.
Siyasi şərhçi Həsrət Rüstəmov deyib ki, Ermənistanda son vaxtlar baş verənlər bilavasitə qarşıdakı seçki ilə bağlıdır. Ekspertə görə, məsələnin ən vacib tərəfi odur ki, Nikol Paşinyan həm rəqiblərinə qarşı mübarizə aparmağa, həm də Moskvanın ölkəsindəki oyunlarını ifşa etməyə məcburdur:
"Bu, Paşinyanın vəziyyətini nə qədər mürəkkəbləşdirsə də, baş nazir bunu etməyə məcburdur. Çünki Paşinyan öz xalqına onun sələflərinin hansı zərbələr vurduğunu, gələcəkdə onları, yəni rusyönümlülərin yenidən hakimiyyətə qayıtmasının nə qədər təhlükəli olduğunu göstərmək məcburiyyətindədir. Paşinyanın keçmiş münaqişənin həllinə dair gizli danışıq sənədlərini yayması da bu istiqamətdə atılmış addımlardan biridir. Çox güman ki, növbəsini gözləyən daha ciddi məlumatlar da var və yaxınlarda yayımlanacaq. Bir sözlə, Ermənistanda Rusiya imperializmindən uzaqlaşma cəhdləri kifayət qədər uğurlu gedir. Əgər Paşinyan bu siyasəti seçkilərə qədər davam etdirə bilsə, növbəti dəfə hakimiyyəti əlində saxlaya biləcək".











