“Mən başlıqlar görürəm, orada yazılır ki, Qarabağ məsələsi həll olunmayıb, guya haradasa Ermənistanda bu məsələ müzakirə olunur, bunu da azərbaycanlılar görür”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Hamburqda erməni jurnalistlərlə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Onlar eşidirlər ki, bizim müxalifət deyir: Ermənistanda repressiyalar var, bu, diktaturadır. Azərbaycan isə belə cavab verir: bir dəqiqə, əgər orada diktaturadırsa, onda hökumət niyə bütün bunları qadağan etmir? Deməli, onların gizli gündəliyi var. Deməli, onlar “Qarabağ hərəkatı başa çatıb” deyəndə bir tərəfdən deyirlər ki, hər şey bitib, digər tərəfdən isə – gedin, müzakirə edin, deyirlər.
Qarabağ məsələsinin həll olunmadığını deyənlər iddia edirlər ki, Ermənistan yeni müharibəyə başlamalıdır. Onlar deyəndə ki, Ermənistanda yeni müharibəyə çağıran qüvvələr var, Azərbaycan belə cavab verir: onda biz hərbi büdcələri artırmalıyıq, onda “Qərbi Azərbaycan” ritorikasını qəbul etməliyik. Yəni bütün bunları bu qədər detallı izah etməliyik?
Axır-axırda biz başa düşməliyik ki, nəyi səhv edirik ki, daim faciələrdən, mübarizələrdən, qırğınlardan, soyqırımlardan keçirik? İndi bizə taleyimizi dəyişmək şansı verilib, bəli, həlak olanlarımızın həyatı bahasına.
Sülh bərqərar olunub, Qarabağ məsələsi həll edilib, bütün məsələlər həll olunub – həm Azərbaycanın məsələsi həll olunub, həm Ermənistanın məsələsi həll olunub, həm regionun məsələsi həll olunub, həm nəqliyyat-kommunikasiya məsələsi həll olunub, həm də sərhədlərin demarkasiyası məsələsi həll olunub. Bizə yalnız bu qərarlar çərçivəsində qalmaq qalır, yalnız təxribatlara uymamaq və təxribat xarakterli bəyanatlar verməmək qalır”, – deyə Paşinyan bildirib.











