Polşa ərazisində Ukrayna əleyhinə yönələn təxribatların qarşısının alınması məqsədilə Ukrayna-Polşa birgə qrupunun yaradılması qərara alınıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
Polşanın Baş naziri Donald Tusk ilə telefon danışığının detalların açıqlayan Zelenski Baş nazirin Polşada dəmir yolunda baş verən təxribatla bağlı ölkənin hüquq-mühafizə orqanları və kəşfiyyatının son məlumatlarını onunla bölüşdüyünü bildirib.
Zelenski qeyd edib ki, Ukrayna və Polşanın məlumatları üst-üstə düşür: “Bütün faktlar hadisələrin arxasında Rusiyanın izinə işarə edir”.
Onun sözlərinə görə, tərəflər yaxın əməkdaşlığın vacibliyini vurğulayıb və bu kimi vəziyyətlərin qarşısının alınması məqsədilə Ukrayna-Polşa birgə qrupunun yaradılması barədə razılığa gəliblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Polşadan Ukraynaya uzanan dəmiryolu xəttində partlayış baş vermişdi. Polşa hadisəni təxribat adlandırıb və məsələdə Rusiya kəşfiyyatını ittiham edib.









