Artıq 2025-ci ilin bitməsinə bir neçə həftə qalıb. Qarşıdan gələn 2026-cı ilin nə ili olduğu və onun necə keçəcəyi hər birimizi maraqlandırır.
Əvvəla qeyd edək ki, 2026-cı il “Alovlu qırmızı at ili”dir. Bu At ili Şərq təqviminə əsasən 17 fevralda başlayır. 1954, 1966, 1978, 1990, 2002 və 2014-cü ildə dünyaya gələnlər At ili nə aid hesab olunurlar.
Bəs “Alovlu qırmızı at ili” digər illərdən nə ilə fərqlənir? Gələn il ölkəmizi və dünyamızı nələr gözləyir?
Tanınmış astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, astroloji mənbələrə görə, at ilinin üzərinə düşən başlıca vəzifə milli, dini və mistik məsələlərin həllidir:
“Yəni insanları narahat edən qlobal problemlər, insanların birləşməsi, dünyanın qorunması 2026-cı ilin əsas öhdəliklərindən olacaq. At ili daha çox öz yolu olan konkret ixtisas daşıyıcıları, ədalət tərəfdarları, yüksək bilik sahibləri, incəsənət xadimləri, ilahi missiyaya xidmət edənlər, bir sözlə, Allaha sığınanlar üçün uğurlu keçəcək.
At ilində yalançıların, qarğış sahiblərinin, xəyanətkarların, böhtançı və rüşvətxorların, cadugər və fal açanların üzü gülməyəcək. Xalqını, millətini talayanlar, başqalarının əməyini istismar etməklə bahalı villa tikdirənlər, insanları qorxu içində saxlayanların acı aqibəti yaxınlaşacaq”.
O qeyd edib ki, əvvəlki at illərində çox sayda qanlı hadisələr olub:
“Məsələn, 1906-cı ildə Fransanın “Kuryers” şaxtası partlayıb və 1600 şaxtaçı ölüb. 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilən və 15 min Azərbaycan türkünün ölümü ilə nəticələnən soyqırım baş verib. Eyni ildə Rusiyanın sonuncu imperatoru II Nikolay ailəsi ilə birlikdə güllələnib. 1978-ci ildə isə İranda “Reks” kinoteatrının yandırılması nəticəsində 422 nəfər həlak olub. Elə bu nümunələrə görə də əhali arasında təşviş var. Amma unutmayaq ki, At illərində qəfil yüksəlişlər və qəfil enişlər də baş verir. Astroloji qənaətlərə görə, ilin ilk yarısı çox çətin keçəcək”.
Səbuhi Rəhimli 2026-cı illə bağlı proqnozlar da verib:
“Bu dövrdə qlobal dəyişikliklər, standartdankənar olaylar, reallığa bənzəməyən situasiyalar mümkündür. Dünyanı idarə edən gizli və nəhəng qüvvələr arasında ciddi qarşıdurmalar olacaq. Heç kimin gözləmədiyi liderlərin meydandan getməsi, zəif bilinən insanların isə siyasət meydanında parlaması nəzərə çarpacaq. Yeni liderləri də görəcəyik. Həmçinin, dünyanın siyasi mənzərəsi kifayət qədər dəyişəcək. İlin ikinci yarısı isə qismən sakit keçəcək”.
Astroloq 2026-cı ilə Azərbaycanı nələrin gözlədiyini açıqlayıb:
“Yaz aylarında ölkədə müəyyən qədər ümumi gərginlik ola bilər. Gözlənildiyi kimi olmasa da, qismən bahalaşma olacaq. Bundan başqa, 5-ə yaxın nazir və ya yüksək vəzifəli məmurun istefası, bəzi millət vəkillərindən sensasiyalı gedişləri baş verəcək”.









