“Vəzifələrindən sui-istifadə edib millətin başına oyun açırlar. Bunları vəzifəyə qoyurlar ki, xalqa xidmət eləsinlər, ancaq əksinə, xalqı dövlətdən narazı salmaqla məşğuldurlar. Deməkdən daha dilimizdə yara bitib”.
Bu fikirləri “Baku Electronics” və “Kontakt Home” kimi elektronika mağazaları şəbəkələrinin istehlakçıları aldatması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumata münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Partiya sədri bir sıra mağazalar şəbəkələrinin keçmiş və indiki deputatlara, məmurlara məxsus olduğunu xatırladaraq bu sahədəki monopoliyaya diqqət çəkib:
“Hamısı belədir. “Kontakt Home” birinin, başqası o birinin monopoliyasındadır. Bunlar sonradan görmüş adamlardır. Həmin elektronikanı ölkəyə mən, sən gətirə bilərikmi? Xeyr. Bilirsiniz, necədir? Çirkli pullardır, xarici dövlətdən ucuz qiymətə alıb etiketini dəyişdirib satırlar. Yağlar və digər mallar da elədir. Məmurlar dəstəsi belədir, xalqa xəyanət edirlər. Onların hamısı məsuliyyətə cəlb edilməlidir. Biz bunlar yeyib dağıtsınlar deyə bu dövləti qurmuşuq?
Görün Ramiz Mehdiyevin nə qədər mal-mülkü ortaya çıxıb. Saymaqla qurtaran deyil. Onun bütün qohumları milyonları yığıb gedib oturublar xaricdə. Bunlar alaq otu kimi yayılıblar, kökünü kəsmək mümkün deyil”.









