Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Mustafayeva Məlahət, Şamilova Tahirə, Cəfərova Təranənin bir qrup şəxsə qarşı dələduzluq ittihamı ilə cinayət işinə dair məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkən və şahidlərin ifadəsi ilə davam edib.
Zərərçəkən Gülzadə Mansurova Şamilova Tahirəyə sertifikasiyadan keçmək üçün pul verdiyini bildirib:
"Övladımın ingilis dilindən sertifikasiyadan keçə bilməsi üçün 5500 manat pul verdim o qadına. Bizi bacım qızı əlaqələndirmişdi, dedi bir adam var, Məleykə Abbaszadənin qudasıdır, o həll edəcək. Adı siyahıda çıxmadı, biz də pulumuzu tez geri istədik. Mənə dedilər ki, narahat olma, növbəti siyahıda çıxacaq adı. Yoldaşım ödəyib pulu, mən razı deyildim. Məlahətə 8000 ödənib, 9000 qalmışdı. Pulumu tələb edirəm".
Zərərçəkən Teymur Zülfüyev həmin dövrdə Tahirə Şamilovanın evində usta işlədiyini dedi:
"Məndən soruşdu ki, uşaqların özü girib instituta, yoxsa pul veribsən? Gəlinim rus dili müəlliməsidir, iki imtahandan kəsilmişdi. Tahirə xanım dedi ki, 16000 gətir, gəlininin işini düzəldim. Yenə imtahandan kəsilmə olunca, pulumu geri istədim. 11000 manatı, qaytarıb, 5000-i qalıb".
Zərərçəkən Şahbazova Təranə pulunu geri istədiyini dedi:
"İki ildir günümüz qaradır, pulumuzu qaytarmayıblar. Barışılası mövzu deyil, necə barışım?".
Şahid Misirova Arzu iş üçün yaxınına müraciət etdiyini bildirib:
"Yaxınım dedi ki, Tahirə xanıma müraciət edim, o düzəldə bilər. Öyrəndim ki, 12 000 manata başa gələcək və məni 55 nömrəli məktəbə təsərrüfat müdiri kimi düzəldəcək. Mən məktəbin səhifəsinə daxil olanda gördüm ki, oranın müdiri var. Bunu Tahirə xanıma deyəndə dedi ki, o elə-belə şəkildir, fikir vermə. Şübhələndim və bundan sonra pulumuzu geri istədik."
Digər zərərçəkənlərin dindirilməsi üçün məhkəmə növbəti prosesi 3 dekabr saat 14:00-a təyin etdi.









