Birinci Qarabağ müharibəsi qazisi olduğunu bildirən Xaçmaz rayon Həsənqala kəndinin sakini Rəsulov Həsənağa Şirinağa oğlu ona əlilliyin təyin edilmədiyini iddia edir.
Yeniavaz.com-a danışan H. Rəsulovun sözlərinə görə, hazırda işsizdir.
“1993-cü ildə Ağdam və Ağdərədə “Xaçmaz batalyonu”nun tərkibində döyüşmüşəm. Əlimdə problem oldu, Buzovnada kəsdilər. Orada ay yarım yatdım. Xaçmazda qeydiyyatdan keçdim, dedilər ki, kart gələcək. Orada da məndən 100 manat aldırlar, kart da gəlmədi”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayon sakini 1974-cü il təvəllüdlü Rasulov Həsənağa Şirinağa oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib.
“Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.
Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər”, - Agentlikdən bildirilib.









