“Ötən söhbətimizdə qeyd etdiyimiz kimi, yaxın vaxtlarda Türkiyə ilə Ermənistan arasında sərhəd-keçid məntəqələri açıla bilər. Təbii ki, Rusiya buna ciddi şəkildə mane olmağa çalışır. Moskva bunu heç istəmir. Amma mane ola bilməyəcək. Həm də ona görə ki, Türkiyə tezliklə Ermənistan bazarına hakim olmağa çalışır.”
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
“Ermənistan isə Türkiyə bazarına daxil olmaq və oradan Avropaya çıxmağa cəhd göstərir. Ona görə də hər iki ölkənin strateji maraqları belə bir işin başa çatdırılmasını bir növ diqtə edir. Türkiyə də Azərbaycana tərqin etməyə çalışır ki, Ermənistanın müstəqillik aktında Azərbaycana ərazi iddiaları olan bəndlərin çıxarılmasını gözləmədən sülh sazişinin imzalanması məsələsini sürətləndirsin. Azərbaycan prezidenti isə prinsipiallıq göstərərək tələb edir ki, Ermənistan referendum keçirərək sözügedən bəndləri Müstəqillik Aktından çıxarmalıdır və bu tələb yerinə yetirilmədikcə Sülh Sazişinə imza atılmayacaq. Hər halda məsələ başa çatmaq üzrə ikən müəyyən əngəllər var. Bu əngəlləri də danışıqlar yolu ilə aradan qaldırmaq mümkündür”, - deyə davamında Qabil Hüseynli vurğulayıb.









