Çeçenistandan Ermənistana qaçan 23 yaşlı qadın Ayşət Baymuradovanın İrəvanın mərkəzindəki mənzildə öldürüldüyü açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
Rusiya saytı bildirib ki, Ayşət qohumlarının təzyiqlərindən qaçmaq üçün Ermənistana köçüb. İrəvanda evlərdə xadimə kimi işləyib. Hüquq müdafiəçilərinin fikrincə, Şimali Qafqaz respublikalarından bir çox qadın eyni səbəbdən başqa ölkələrə üz tutub.
Qeyd olunub ki, Baymuradova İnstaqramda həm rus, həm də çeçen dilində təhdidlər alıb. Təhdid mesajlarında ona əvvəllər öldürülmüş qadınların taleyini xatırladılıb və Çeçenistanda “ənənələri pozmaqda” ittiham edilib.
Hüquq müdafiəçisi Lidiya Mixalçenko deyib ki, Ayşət böyük ehtimalla boğularaq öldürülüb və bu qətl Şimali Qafqazdan qaçmağa çalışan qadınlara xəbərdarlıq olaraq nümayişkaranə xarakteri daşıyır. Onun sözlərinə görə, cinayəti törədənlər Rusiyaya qayıtmış ola bilər.
Ermənistan KİV-in məlumatına görə, Baymuradovanın yoxa çıxması barədə ilk dəfə oktyabrın 17-də Ermənistanda yaşayan rusiyalı fəal Danil Çebikin məlumat verib. Baymuradovanın eyni mənzildə yaşayan dostları ona deyiblər ki, qız oktyabrın 15-də İnstaqramda tanış olduğu dostu ilə görüşə gedib və bir daha geri qayıtmayıb. “Sonradan məlum oldu ki, bu dostun izləyiciləri arasında Çeçenistan lideri Ramzan Kadırovun yaxın çevrəsindən olan adamlar da var”, - Çebikin sosial mediada yazıb.
Rusiyalı fəal söyləyib ki, Ayşət Baymuradova Şimali Qafqazda qadınların hüquqlarını müdafiə edən təşkilatın köməyi ilə Çeçenistandan qaçıb.
Rusiya mənbələri çeçen qızın məişət zorakılığı zəminində evdən qaçdığını yazmışdılar.