Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 nömrəli məktəbin sosial şəbəkə hesabında şagirdlərlə bağlı məlumatların toplandığı sənədin paylaşılması narazılıq yaradıb.
Oxu.Az xəbər verir ki, bu məsələ müzakirə mövzusu olub.
Qeyd olunub ki, uşaqların kimliyinin açıq formada paylaşılması onların məxfiliyinə, psixoloji təhlükəsizliyinə və hüquqlarına zərbə vurur.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərlə bağlı məlumatların toplandığı sənədin sosial şəbəkədə paylaşılması ilə bağlı araşdırma aparılıb.
"Araşdırma zamanı məlum olub ki, təhsil müəssisəsinin psixoloqu şagirdlərin məlumat blankının yaradılması məqsədilə keçirilmiş onlayn sorğunu səhvən müəssisəsinin sosial şəbəkə hesabında da paylaşılıb.
Bildiririk ki, şəxsi məlumatların təhlükəsizliyinin təmin olunması, məlumat yayımında şəxsi toxunulmazlıq prinsiplərinə, etik və pedaqoji dəyərlərə əməl olunması bizim üçün prioritet istiqamətlərdəndir.
Qeyd edək ki, məsələ ilə bağlı məsul şəxslər barəsində intizam tənbehi tədbiri görülüb. Bununla yanaşı, müəssisə rəhbəri və kollektivlə söhbət aparılıb, fərdi məlumatların qorunub saxlanılmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə bütün təhsil müəssisələrinə müvafiq tapşırıqlar verilib", - deyə məlumatda bildirilib.