ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə deyib: "Bu, yanlış hiss idi. Mənə elə gəldi ki, biz lazım olan məqsədə çata bilməyəcəyik".
Eyni zamanda ABŞ Prezidenti əlavə edib ki, gələcəkdə rusiyalı həmkarı ilə görüşməyi planlaşdırır.
Tramp digər açıqlamasında bildirib: “Rusiyaya qarşı yeni sanksiyaların mütləq təsiri olacaq”.
Görüşdən əvvəl ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoil” və onların 34 törəmə şirkətinə qarşı məhdudiyyətlər elan edib. Tədbirlər Moskvanın Ukraynadakı münaqişəni həll etmək istəməməsi ilə əsaslandırılıb.
"Bunlar böyük sanksiyalardır və ümid edirik ki, onlar uzun sürməyəcək", - Ağ Ev rəhbəri deyib.
Amerika lideri bəyan edib ki, tərəflər təmas xətti boyunca mövcud mövqelərini müəyyən etməli və hərbi əməliyyatları dayandırmalıdırlar: “Rusiya bütün Ukraynaya nəzarət etmək istəyir, lakin güzəştə getməyə hazırdır. Hesab edirəm ki, Co Bayden administrasiyası dövründə Vaşinqton axmaqcasına Kiyevə 350 milyard dollar silah və pul bağışladı”.
“ABŞ başqalarına “Tomaqavk” raketlərindən necə istifadə etməyi öyrətməyəcək. Bu, çox güclü silahdır, çox dəqiq silahdır və bəlkə də buna görə də bu qədər mürəkkəbdir. Ondan istifadə etməyi öyrənmək bir illik intensiv təlim tələb edir", - o əlavə edib.
Tramp daha sonra bildirib: “İddialara görə, Ukrayna Avropa raketlərindən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika raketlərindən istifadə edir. Amma elə deyil. Vaşinqton Kiyevə silah satmır, bunu NATO ölkələri edir”.
“Çin lideri Si Cinpin Ukrayna sülh prosesinə təsir göstərə bilər”, - deyən Tramp əlavə edib ki, ABŞ Rusiyanın Yeni START məhdudiyyətlərini uzatmaq fikrinə qarşı deyil.
Qeyd edək ki, sentyabrın 22-də Putin Moskvanın yeni START məhdudiyyətlərinə əməl etməyə hazır olduğunu açıqlayıb. O bunun yalnız Vaşinqtonun qarşılıq verəcəyi təqdirdə təsirli olacağını vurğulayıb. Bu halda, müqavilənin müddəaları onun müddəti 5 fevral 2026-cı il tarixində başa çatdıqdan sonra bir il müddətində həyata keçirilə bilər.
Ötən həftə Rusiya Prezidenti amerikalı həmkarı Donald Trampla Ukraynadakı vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparıb. Söhbətdən sonra Ağ Ev rəhbəri Putinlə Budapeştdə görüşməyi planlaşdırdığını açıqlayıb. Görünür son siyasi proseslər Trampın görüşü ləğv etməsinə təsir edib.
Politoloq Şahin Cəfərli bildirir ki, Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu: “Bunu əslində ənənəvi siyasətə dönüş kimi qiymətləndirmək lazımdır”.
Analitik proseslərin ardıcıllığına nəzər salıb: “Tramp hökuməti Rusiyaya qarşı ilk sanksiyalarını açıqladı. ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 böyük enerji şirkəti - "Rosneft" və "Lukoil"a qarşı (34 törəmə şirkətləri ilə bərabər) total sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Bazarın bu qərara reaksiyası - neftin bahalaşması sanksiyanın ciddi olduğunu göstərir. Bayden dövründə, o da prezidentliyinin son həftələrində, cəmi 2 Rusiya şirkətinə - "Qazpromneft" və "Surqutnefteqaz"a qarşı bu tip sanksiya tətbiq olunmuşdu. Prezident Tramp öz növbəsində Putinlə planlaşdırılan görüşü ləğv edib. ABŞ maliyyə naziri Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək. Daha bir vacib xəbər Rusiyanın 20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması haqqında qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekdilliklə qəbuludur. Yəni ki, bunu ənənəvi siyasətə dönüş saymaq olar”.
AYNA.az