"Ramiz Mehdiyevin sərvət siyahısında Bakı Oksford Məktəbi də olub. Məktəbin qurucusu Nailə Rzayeva, onun həyat yoldaşı Tofiq Rzayev və iş adamı Rasim Məmmədov olub..." "DİA-AZ xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva qeyd edib.
O daha sonra bunları əlavə edib: "Bir müddət keçəndən sonra məktəbin payçıları arasında Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva peyda olur. Bundan sonra məktəb Rzayevlərin əlindən alınır. Sənədlərdə təsisçi olaraq Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova göstərilib.
Xatırladım ki, Bakı Oksford Məktəbi hazırda həbsdə olan “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədov tərəfindən tikilib. Onun cinayət işində bu təhsil müəssəsi də araşdırılıb və məlum olub ki, məktəb qeyri-qanuni yollarla əldə edilmiş pullar hesabına inşa edilib. Məhkəmə qərarı ilə Bakı Oksford məktəbi dövlətin nəfinə müsadirə edilərək əmlakı hərraca çıxarılıb. Hərracda 24,7 milyon manat qiymət müəyyənləşdirilib.
Maraqlıdır ki, əvvəl susub səsi çıxmayan Kamilə Əliyeva ötən ilin sentyabrında qəfildən etiraz etməyə başlayır. Ədliyyə Nazirliyindən, Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadan, məhkəmə qərarından apellyasiya şikayəti verir. Şikayəti təmin olunmayan Əliyeva bu ilin mayında Ali Məhkəməyə üz tutur. Ramiz Mehdiyevin qızı apellyasiya instansiyasının qərarının ləğv edilməsini, “Baku Oksford Məktəbi”nin 1/2 hissəsinin onun əmlakı kimi tanınmasını istəyir. Lakin Ali Məhkəmədən də əli boş qayıdır. Məhkəmə kassasiya şikayətini rədd edir.
Sonrakı proseslər göstərir ki, Kamilə Əliyevanın fəallaşması heç də təsadüfi deyilmiş. Çünki atası Ramiz Mehdiyev də Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşması fonunda aktivləşməyə başlamışdı. Yəqin “boz kardinal” atasına “stavka” edərək nəyəsə ümid edirmiş. Kamilə xanım yaxşı olardı ki, payçı olaraq məktəbə sərf etdiyi pulların mənbəyini də göstərsin. Onda çox şey aydın olar..."