SİYASİ MƏHBUSLAR AZADLIĞA BURAXILIR
Tarix: 10-05-2012, 12:00 |
Çap et
GƏLƏN HƏFTƏDƏN ETİBARƏN VİCDAN MƏHBUSLARI BƏRAƏT ALACAQ
DİA.AZ: - Uzun müddətdir ki, may ayında əfv fərmanının veriləcəyi haqqında fikirlər səslənir. Hüquq müdafiəçiləri, eləcə də prezidentin yanında Əfv Komissiyasının üzvləri əfvin verilə biləcəyini istisna etmirlər.
Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunda təmsil olunan və adının çəkilməsini istəməyən hüquq müdafiəçisi isə DİA.AZ-a deyib ki, əfvin verilib-verilməyəcəyi haqqında konkret informasiya bu gün olacaq. Onun sözlərindən belə məlum olub ki, əfv və həbsdə olan aprel məhbuslarının azadlığa buraxılması üçün hüquq müdafiəçiləri ilə hökumət təmsilçiləri arasında müzakirələr aparılıb və bu proses indi də davam edir. Tərəflər çalışırlar ki, “Eurovision” mahnı müsabiqəsinin başlanmasına qədər problemli məhbuslar məsələsini yoluna qoysunlar.
DİA.AZ-a bu barədə danışan mənbə onu da bildirdi ki, əfv fərmanı verilməsə də, gələn həftənin birinci günü məhkəmə olyu ilə hazırda həbsdə saxlanılan vicdan məhbuslarının əksəriyyətinin azadlığa çıxacağı gözlənilir. Artıq bu yöndə hakimiyyətlə hüquq-müdafiəçiləri arasında anlaşmanın əldə olunduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, yalnız Arif Hacılı ilə bağlı iqtidar nümayəndələri israr nümayiş etdirsələr də, onun da azadlığa buraxılma ehtimalları olduqca yüksəkdir. Qeyd edək ki, Arif Hacılı artıq beşinci dəfə vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə ərizə ilə müraciət edib.