Bərzani bu gün istefaya göndəriləcək
Tarix: 26-10-2017, 10:02 |
Çap et
Bu gün İraq Kürd Muxtariyyətinin parlamenti Məsud Bərzani və onun müavininin vəzifə səlahiyyətlərinin dayandırılması ilə bağlı iclas keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə RİA-ya Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat məsələləri komitəsinin sədri İzzət Sabir danışıb.
“Məsud Bərzaninin (İraq Kürdüstanın rəhbəri) səlahiyyət müddəti 1 noyabrda başa çatacaq. Siyasi və hüquqi vakuuma çatmadan əvvəl onun səlahiyyətləri parlament və Nazirlər Kabineti arasında bölünəcək. Bu mövzuda iclas bu gün saat 11-də keçiriləcək”, - Kürdüstan Yurdsevərlər Birliyinin qanunverici məclisdə təmsil olunan parlament komitəsinin rəhbəri bildirib.
Sabir qeyd edib ki, Məsud Bərzani və onun müavini Kosret Rəsulun səlahiyyətləri dayandırılacaq.
“Seçkilər 8 ay müddətinə təxirə salınıb və bu müddətə qədər muxtariyyət rəhbərinin administrasiyasının fəaliyyəti dayandırılacaq”, - siyasətçi əlavə edib.
Xatırladaq ki, bölgədə sonuncu dəfə parlament seçkiləri 2013-cü ildə keçirilib. Muxtariyyətin rəhbəri seçkisi isə 2009-cu ilə təsadüf edib. Məsud Bərzaninin səlahiyyəti müddəti 2013-cü ildə başa çatıb və iki dəfə uzadılıb: parlament və məhkəmə tərəfindən. Bir qədər əvvəl isə Məsud Bərzani növbəti dəfə seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.