Rumıniyada keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Tarix: 16-12-2016, 08:01 |
Çap et
Rumıniya Mərkəzi Seçki Komissiyası 11 dekabrda ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, seçkilərdə 45% səslə qalib gələn Sosial-Demokrat Partiyası (PSD) Senat və Deputatlar Palatasına 221 mandat qazanıb.
Parlamentə keçən digər 5 partiyadan Milli-Liberal Partiyası (PNL) 99, "Rumıniyanı Qoru" Birliyi (USR) 43, "Rumıniya Macarların Demokratik Birliyi" Partiyası (UDMR) 30, Liberal və Demokratların Alyansı (ALDE) 29 və Xalq Hərəkatı Partiyası (PMP) 26 deputat yeri əldə edib. Daha 17 deputat yerini isə milli azlıqların təşkilatları tutub.
PSD parlamentdə mütləq çoxluq əldə edə bilmədiyindən ALDE ilə koalisiya yaratmaq niyyətindədir. Bu məqsədlə artıq partiya rəhbərlərinin görüşü də baş tutub.
Deputat mandatı qazananlar arasında Rumıniyanın sabiq prezidenti, PMP-nin lideri Trayan Basesku (Senat), PSD-ni təmsil edən sabiq baş nazir Viktor Ponta və Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Yulian Yanku (Deputatlar Palatası) da var.
Parlament seçkilərində səsvermə hüququna malik 18 milyon seçicidən seçki günü 7,4 milyonu səs verib. Seçkilərdə 6,5 min deputatlığa namizəd 466 yer uğrunda mübarizə aparıb.