Koalisiya danışıqları alınmadı
Tarix: 12-04-2016, 08:41 |
Çap et
Ukraynada yeni hökumətin yaradılması üçün aparılan koalisiya danışıqlarında problem yaranıb. Aprelin 11-də Kiyevdə danışıqlara başlamış iki əsas partiya baş nazir postuna namizəd barədə razılığa gələ bilməyiblər. Baş nazirliyə hazırkı parlament spikeri Volodymyr Hroysman-ın namzədliyi irəli sürülmüşdü.
Petro Poroshenko Bloku adlanan parlament fraksiyasından Oleksiy Honcharenko deyib ki, yeni hökumətin strukturu və üzvləri ilə bağlı Hroysman-la razılıq əldə olunmayıb. Həmin blokdan deputat Mustafa Nayem də söyləyib ki, Hroysman hələlik baş nazir vəzifəsinin qəbulundan imtina edib, çünki onun tələblərinə əməl olunmur.
Danışıqlar prezident blokuyla vəzifədən gedən baş nazir Arseniy Yatsenyuk-un partiyası arasında aparılır.
Danışıqların aprelin 12-də səhər davam edəcəyi bildirilir. Hroysman-ın namizədliyini prezidentin bloku irəli sürüb. Yatsenyuk isə istefasını aprelin 12-də parlamentə təqdim edəcəyini söyləyib.