"Yəqin bilməmiş olmazsınız, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin bir vaxtlar nazir müavini ilahiyyatçı idi. Sonra onu gətirib bütün kolxozların başına qoydular. O zaman bir çoxlarına bu təyinat qəribə gəlsə də, mən dövlətimizin məqsədini anlamışdım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Jurnalist daha sonra fikrini belə davam etdirir: "Belə başa düşmüşdüm ki, Nur məktəbini bitirən bu mütəxəssis KTN üçün əvəzedilməz kadrdır. Necə olsa, ölkəmiz su yoxluğundan əziyyət çəkən dövlətlər sırasındadır. İşdir, şayət, quraqlı olsa, quraqlıq baş versə, qədim dövrlərdə olduğu kimi, KTN də müsəllaya çıxıb Allahdan yağış tələb edə bilər. Xüsusilə də kolxozlarımız. Odur ki, gedib Qafqaz Müsəlmanları Ruhanilər İdarəsindən pulla molla tutub gətirməkdəndirsə, Kənd Təsərrüfatı naziri ən qısa yolu tapmışdı: mollanı gətirib kolxozların başına qoymuşdu ki, Bakıda o, Pensilvaniyada Fəthullah Gülən əfəndi gecə-gündüz müsəllaya çıxsın və yağış yağmamaq xasiyyətini tərgitsin.
Bunu anladım. Amma mən şəxsən Naxçıvan Dini Komitəsinin rəhbərinin niyə Xarici əlaqələr və ingilis dili üzrə mütəxəssis olduğunu isə heç cür anlaya bilmirəm. Olmaya, Naxçıvan dərəbəyliyi Allahla ingilis dilində danışmağı və ya geopolitik məsələləri müzakirə etməyi planlaşdır? Yoxsa, hörmətli Cəbi müəllim Quliyevin Naxçıvanın yeni dərəbəyi ilə eyni rayonda doğulması bu təyinat üçün yetərli səbəb kimi görülüb?"



















