![]()
"Başıma gələn maraqlı (və bir o qədər əsəbi) bir hadisəni paylaşıb həm məsləhət almaq, həm də digərlərini məlumatlandırmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Keçən həftəsonu dostlarla rayona getmişdik. Hər dəfə pul-para söhbəti olmasın deyə, bütün xərcləri mən qarşıladım, sonda isə xərci böldük. Adambaşına 124 AZN düşdü. WhatsApp qrupunda Kapital Bank kartımı (4169***) paylaşdım ki, hər kəs öz payını göndərsin.
Gözəl ölkəmin gözəl bankı cəmi 6 nəfər ard-arda 124 AZN köçürəndən sonra kartımı saniyəsində blokladı. Səbəb: "İntensiv mədaxil". Zəng edirəm, deyirlər ki, bəs bura ticarət obyekti deyil, sübut eləməlisən bu pullar nə puludur.
Dostlararası xərc bölüşməyi "sahibkarlıq fəaliyyəti" zənn edən süni intellektinizə heyran qaldım doğrusu. İndi əlimdə həm WhatsApp yazışmalarının skrinşotları var, həm də dostların göndərdiyi 6 dənə çek. Oturub idarə heyətinin sədrinə ərizə yazmaqla məşğulam ki, "vallah-billah, biznes qurmamışam, rayonda kabab yemişdik, onun puludur"..."








