Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilənlər - Töhrad Quliyevin 15 il, 6 ay, Cavad Bayramovun 11 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlər - Töhrad Quliyevin 17 il, Cavad Bayramovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 2024-cü ilin martında Nəsimi rayonu Moskva prospektində 96 nömrəli məktəbin qarşısındakı parkda baş verib.
Təqsirləndirilən şəxslər "Tik-tok" sosial şəbəkəsində sözlü mübahisədən sonra görüş təyin ediblər. Daha sonra mübahisə əlbəyaxa davaya çevirilib və bıçaqlanma baş verib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.









