"Bakıxanovda yol təmiri yox, nəqliyyat xaosu yaradılıb! Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakıxanov dairəsindən Bakıxanov stansiyasının qarşısınadək olan yolda aparılan təmir işləri bu gün onsuz da ağır olan nəqliyyatın vəziyyətini tamamilə iflic edib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində jurnalist Səbuhi Qafarov qeyd edib.Müraciətdə daha sonra deyilir: "Yol bağlanıb, avtobusların istiqaməti dəyişdirilib. Nəticə isə göz qabağındadır: onsuz da darısqal və günün hər saatı tıxac olan ərazidə indi avtomobillər "Anaşkin" adlanan ərazidən stansiyanı keçənədək sürünə-sürünə hərəkət edir.
Bakıxanov dairəsini tanıyan hər kəs bilir ki, burada sıxlıq üçün xüsusi səbəb axtarmağa ehtiyac yoxdur. Bu ərazi onsuz da Bakının ən problemli nəqliyyat nöqtələrindən biridir. Belə bir yolda hərəkətin məhdudlaşdırılması planlaşdırılırsa, heç olmasa insanlar əvvəlcədən xəbərdar edilməlidir.
Amma AAYDA-nın yanaşması, deyəsən, yenə eynidir: vətəndaş sonradan başının çarəsinə baxsın.
Sürücü yola çıxır, qarşısında bağlanmış yol görür. Avtobusla gedən sərnişin istiqamətin dəyişdirildiyini son anda öyrənir. Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir, işinə-gücünə gecikir. Bütün bunların qarşılığında isə əvvəlcədən verilmiş normal bir xəbərdarlıq belə yoxdur.
Bu, sadəcə yol təmiri məsələsi deyil. Bu, vətəndaşa münasibət məsələsidir.
İnsanların vaxtı, işi, planı, səhhəti və gündəlik həyatı bu qədərmi əhəmiyyətsizdir? Bir yol bağlananda bunu əvvəlcədən elan etmək bu qədərmi çətindir?
Təmir aparmaq olar, yol da bağlana bilər. Amma insanları xəbərsiz şəkildə saatlarla tıxacın içinə atmaq idarəçilik deyil, vətəndaşa açıq-aşkar laqeydlikdir.
AAYDA, vətəndaşa hörmət edin, əvvəlcədən məlumat verin və alternativ hərəkəti düzgün təşkil edin!"



















