“Azərbaycan təməldən Turan ideologiyasına könül vermiş dövlətdir. Özbəkistan və Azərbaycan xalqlarının da, ümumi ideologiyası buna söykənir. Biz dəqiq bilirik ki, təkbaşına qurtuluşumuz yoxdur. Həm Azərbaycanın, həm də digər Türk dövlətlərinin qurtuluşu birlikdən keçir.
Yəni bir olsaq, iri olacağıq, diri olacağıq! Məhz buna görə də, Azərbaycan Turan birliyinin təmin olunması istiqamətində mümkün olan bütün addımları atır. Qardaş Özbəkistan ilə münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda ən yüksək səviyyədədir”.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsini Sherg.az-a şərh edən siyasi şərhçi Azər Həsrət məsələnin strateji tərəflərinə diqqət çəkib:
“Ümumiyyətlə, Azərbaycan və Özbəkistanın bir-birinə münasibəti dövlətlərarası əlaqələr baxımından bütün dünyaya nümunədir. Bununla bərabər, həm Türk Dövlətləri Təşkilatı, həm də türk dünyasının digər platformaları çərçivəsində çox yaxın və samimi iş birliyimiz var. Həmin tərəfdaşlıq təhlükəsizlikdən iqtisadi inkişafa, eləcə də türk dünyasının vahid inteqrasiyasınadək, bütün sahələrdə əsl örnək təşkil edir”.
Analitik Türk dünyasının hərbi sahədə inteqrasiyasına da toxunub:
“Hərbi müstəvidə müəyyən çəkingənliklər qalmaqdadır. Biz bu ehtiyatlı mövqeyi xüsusilə Mərkəzi Asiya dövlətlərində görürük. Bu da başadüşüləndir. Çünki region bir tərəfdən Çin, digər tərəfdən Rusiya, cənubdan isə İran kimi geostrateji təzyiq mərkəzləri ilə əhatələnib. Bu səbəbdən Mərkəzi Asiyanın Türk dövlətləri mümkün qədər ehtiyatlı davranırlar. Lakin bir şeyi unutmamalıyıq ki, Türk dövlətləri vaxtı çatanda mütləq hərbi inteqrasiyaya getməli olacaqlar. Bizim təkbaşına müqavimət göstərmək şansımız yoxdur. Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında təklikdə duruş gətirmək mümkünsüzdür. Türk dövlətlərinin hərbi alanda tərəfdaşlığı son dərəcə vacibdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev TDT çərçivəsində, 2026-cı ildə birgə ortaq hərbi təlimlərin keçirilməsini təklif etmişdi. Amma təəssüf ki, ilin artıq 8-ci ayı bitmək üzrə olsa da, bu istiqamətdə real addım atılmayıb. Bu da məhz qeyd etdiyim faktor ilə bağlıdır”.
A.Həsrət xüsusi olaraq vurğulayıb ki, zaman keçdikcə tərəfdaşlarımız hərbi sahədə müttəfiqliyin strateji zərurət olduğunu daha aydın dərk edəcəklər:
“Azərbaycan hər zaman olduğu kimi, bu məsələdə də təşəbbüskar mövqedədir. Təcrübə göstərir ki, digər türk dövlətləri sonrakı mərhələlərdə Azərbaycanın təşəbbüslərini dəstəkləyirlər. Sadəcə, onlar məsələyə daha təmkinli və ehtiyatlı yanaşmağa üstünlük verirlər. Biz də tələsmirik, sadəcə olaraq gecikməməyə çalışırıq. Azərbaycanın hərbi iş birliyi çağırışları da bu gecikmənin qarşısını almağa yönəlib" .







