Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yaşayan bir qrup sakin ərazidəki şəraitsizliklə bağlı redaksiyamıza şikayət ünvanlayıblar.
Manset.az-a müraciət edən sakinlərin sözlərinə görə, qəsəbədə məişət tullantılarının toplanması üçün konteynerlər yoxdur. Bu səbəbdən ərazidə zibillik yaranıb və qəsəbənin sanitar vəziyyəti ilə bağlı ciddi narahatlıq yaranıb. Sakinlər qəsəbədə işıqlandırmanın olmamasından da narazıdırlar. Onlar həmçinin yolların istifadəyə yararsız vəziyyətdə olduğunu bildirirlər. Müraciət edənlərin sözlərinə görə, yolların asfalt olmaması qəsəbəyə gediş-gəlişi çətinləşdirib. Sakinlər iddia edirlər ki, yol problemi səbəbindən hətta təcili yardım avtomobillərinin də qəsəbəyə gəlməsi çətinləşir, onlar qəsəbəyə girməkdən imtina edirlər.
Şikayətçilər bildiriblər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara – Gəncə Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etsələr də, indiyədək məsələlərin həlli istiqamətində hər hansı addım atılmayıb.
Məsələ ilə bağlı AAYDA-ya sorğu ünvanladıq. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri istisna olmaqla, respublikanın digər şəhərlərinin, eləcə də qəsəbə və kəndlərin daxili küçə və yolları Agentliyin balansında deyil.
“Həmin yolların saxlanılması, cari vəziyyətinin nəzarətdə saxlanılması və təmirə ehtiyaclarının müəyyənləşdirilməsi aidiyyəti yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin səlahiyyətlərinə daxildir. Bu səbəbdən hər hansı qəsəbə və ya kənddaxili küçənin təmirə ehtiyacı yarandıqda, vətəndaşların ilk növbədə həmin ərazinin yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəsinə müraciət etmələri məqsədəuyğundur”.
Gəncə Şəhər İcra Hakimiyyətindən isə məsələ ilə bağlı münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Qurumun əlaqə nömrələrinə etdiyimiz zənglər və ünvanladığımız sorğu cavabsız qaldı.














