"Aşağıda qeyd olunan məsələnin kökündə dayanan əsas problem sadəcə bir qida məhsulunun təminatı deyil, neftçinin həm maddi, həm də mənəvi haqlarına olan yanaşmanın göstəricisidir..." Bu barədə SOCAR rəhbərliyinə işçiləri adından ünvanlanmış müraciətdə deyilir. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə daha sonra bildirilir:
"Hörmətli Baş Ofis, dəniz obyektlərində çalışan sıravi işçilər üçün də aid oluna bilən peşəkarlığı yalnız öz adınıza çıxıb, maaş məsələsində sıravi işçini görməzdən gəlməyiniz bəs deyilmiş kimi, indi də son ümid yerimiz olan, sağlamlığımız üçün nəzərdə tutulan o bir qurtum südü kəsirsiniz. SAP kimi dünya səviyyəli, nəhəng bir sistemi idarə etməklə öyünənlər üçün dənizdə zəhərli qazlar udan işçinin süd sifarişini yerinə yetirmək nə qədər qlobal bir problemə çevrilib ki, aylardır bu məsələ həll olunmur? Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozaraq sıravi neftçinin haqqına girmək, əslində işçinin sağlamlığına və əməyinə verilən "dəyərin" acınacaqlı mənzərəsidir. Yerli rəhbərliyin bütün fədakarlığına rəğmən, mərkəzi idarəetmədə yaranan bu laqeydlik birbaşa dənizdəki ağır zəhməti ciddiyə almamaqdır.
İndi sual olunur: bu müraciətdən sonra südlər paylansa belə, ötən 4 ayın zərərini necə kompensasiya edəcəksiniz? Qanunla nəzərdə tutulan gündəlik 0.5 litr südü dörd ay sonra toplu şəkildə vermək hansı tibbi məntiqlə izah oluna bilər? Zərərli maddələrin orqanizmdən çıxarılması gündəlik prosesdir; dörd ayın zəhərini bir neçə günə "normadan artıq" süd içməklə təmizləmək mümkün deyil. Üstəlik, öz halal haqqımız olan məhsulun evə aparılmasına qoyulan 5 litrlik gülünc limit nəyə xidmət edir? Əgər siz bir süd sifarişini aylarla gecikdirirsinizsə, peşəkarlıqdan danışmağa nə dərəcədə haqqınız çatır? Əgər SAP sistemi və ya təchizat zənciriniz bu qədər acizdirsə, o zaman idarələrdə inək-keçi təsərrüfatı yaratmağı nəzərdən keçirəsiniz bəlkə, ola bilər o zaman neftçinin sağlamlığını qorumaq mümkün oldu. Çünki bu yanaşma ilə siz sadəcə südü deyil, işçinin quruma olan son inamını da kəsirsiniz..."








