Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi portalında Neftçala bələdiyyəsinin fəaliyyəti ilə bağlı məlumat və görüntülər ciddi narazılıq yaradıb...
"DİA-AZ" bizimesr.az pofrtalına istinadən xəbər verir ki, məlumatda qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində əsas istiqamət kimi götürülür. Qeyd olunur ki, Neftçala bələdiyyəsi də bu siyasətə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində müvafiq işlər həyata keçirir.
Rəsmi açıqlamada bildirilir ki, rayonun mərkəzi qəbiristanlığında dəfnlərin rahat keçirilməsi və nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədilə 400 metrlik hissədə hamarlanma işləri aparılıb, hərəkət üçün əlverişli şərait yaradılıb.
Lakin yayılan fotolar tam fərqli mənzərə ortaya qoyur. Görüntülərdən aydın olur ki, qeyd olunan ərazidə nəinki ciddi yol infrastrukturundan, adi bir fəaliyyətdən belə söhbət getmir. Cəmi bir neçə metrlik hissədə yolun üst qatının tələsik şəkildə hamarlanması, qəbiristanlıq yolunun müəyyən hissəsinə isə daş qalıqları və tikinti tullantılarının tökülməsi müşahidə olunur.
Yerli sakinlər hesab edirlər ki, təqdim olunan məlumatla faktiki vəziyyət arasında ciddi ziddiyyət var və bu cür işlərin “infrastrukturun yaxşılaşdırılması” kimi təqdim edilməsi doğru deyil.








