
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu, haqqında axtarış elan edilmiş və uzun müddətdir xaricdən ölkəyə qayıtmayan Anar Mahmudovun Bakının mərkəzindəki mənzillərlə bağlı başladığı hüquqi mübarizə Ali Məhkəmədə vətəndaşların şoku və böyük ədalətsizliklə başa çatıb.
Gununsesi.info xəbər verir ki, hakim Elşad Şamayevin sədrlik etdiyi məhkəmə kollegiyası Bakı Apelyasiya Məhkəməsinin işdəki faktiki dəlilləri, ekspertiza rəylərini və dövlətin rəsmi sənədlərini araşdırmadan, heç bir qanuni əsas gətirmədən verdiyi qərarı (İş №: 2(1-8)-1782/2026) qüvvədə saxlayıb. Zərərçəkən vətəndaşların kassasiya şikayətini təmin olunmayıb.
Bu qərar ölkədəki mülkiyyət toxunulmazlığına və dövlət reyestrinə vurulan ağır zərbə kimi qiymətləndirilir.
Dövlət verdiyi rəsmi “kupça”ya özü sahib çıxmayacaqsa, vətəndaş kimə inanmalıdır?
Qeyd edək ki, mübahisənin mərkəzində Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən “Dolçasaray Rezidens”dəki mənzillər durur. 45, 46 və 48 saylı mənzillər 2020-ci ildə 3 Azərbaycan vətəndaşı — Şövkət Əliyeva (191.9 kv.m), V.Mirqasımov və M.Dadaşzadə tərəfindən tam ödəniş edilərək qanuni yolla “Dolçasaray” MMC-dən alınıb. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlara rəsmi Çıxarış (“kupça”) təqdim olunub. Əmlak alındığı an dövlət reyestrində heç bir həbs, məhdudiyyət və yüklülük qeydi olmayıb. Mülki qanunvericiliyə görə, dövlət reyestrinə güvənib əmlak alan şəxslər “vicdanlı alıcı” sayılır və onların mülkiyyət hüququ toxunulmazdır.
Lakin Ali Məhkəmə hakimi Elşad Şamayev 6 il əvvəl pulunu verib mənzil almış, əlində dövlətin rəsmi “kupça”sı olan vətəndaşların hüquqlarını heç bir hüquqi araşdırma aparmadan birbaşa tapdalayan qərarı qüvvədə saxlayıb. Eldar Mahmudovun oğlu Anar Mahmudov binanın 14-cü mərtəbəsində 202 və 453 kvadratmetrlik mənzillərin ona məxsus olduğunu iddia edərək müqavilələrin ləğvini tələb edirdi. Lakin işdə olan rəsmi sənədlər tamamilə əksini deyir. Qeyd olunan binada Fövqəladə Hallar Nazirliyinin (FHN), məhkəmə ekspertizasının rəsmi rəylərinə görə, 14-cü mərtəbədə Anar Mahmudovun iddia etdiyi ölçülərdə mənzillər ümumiyyətlə yoxdur!
Bundan başqa, Anar Mahmudov mülkiyyət hüququnun pozulduğunu 2021-ci ildən bildiyini iddiasında yazıb etiraf etsə də, məhkəməyə yalnız 2025-ci ilin mayında, yəni iddia müddəti keçəndən sonra müraciət edib.
Bu açıq ziddiyyətləri nəzərə alan Səbail Rayon Məhkəməsi iddianı tam əsassız sayıb rədd etmişdi. Lakin əvvəlcə Bakı Apellyasiya Məhkəməsi (hakim Məmməd Məmmədov), indi isə Ali Məhkəmə heç bir dəlili araşdırmadan sabiq nazir oğlunun iddiasını təmin etdi.
“Mahmudovçular”ın köhnə əməlləri məhkəmə zalında yenidən dirçəlir?
2015-ci ildə prezidentin sərəncamı ilə işdən qovulan Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-in sahibkarları şantaj edən, hədə-qorxu ilə əmlakları əllərindən alan cinayətkar şəbəkəyə çevrildiyi, 20-dən çox general və zabitin (Elçin Quliyev, Nizami Şirinov, Akif Çovdarov və b.) həbs olunduğu hər kəsə bəllidir. Eldar Mahmudovun rəhbərliyi altında yüzlərlə insanın əmlakını talamış bir şəbəkənin xaricdə gizlənən üzvü necə olur ki, Bakıda heç bir hüquqi əsası, hətta faktiki mövcudluğu olmayan mənzil iddiası ilə çıxış edir və Ali Məhkəmədən “yaşıl işıq” alır? Hakim Elşad Şamayev dövlətin verdiyi rəsmi sənədi nəyə görə şübhə altına alır? Dövlətin verdiyi “kupça” vətəndaşı qorumursa, bu ölkədə mülkiyyət toxunulmazlığından necə danışmaq olar?
Onu da qeyd edək ki, ədalətsiz qərarla üzləşən sakinlər Gununsesi.info -ya müraciətlərində etiraz olaraq aclıq aksiyasına başlayacaqlarını bildiriblər.























