"Dünən jurnalist həmkarlardan biri zəng edib soruşur ki, Yeni Klinika dövlətin deyil? Deyirəm, dövlətindir. Deyir, yaxın qohumumdan reanimasiya üçün 5 min manat aldılar, yaxşı, bəs hanı tibbi sığorta, pulsuz səhiyyə? Sonra keçdi küfrə, qarğışa… Haqsızdır?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Aygün Muradxanlı qeyd edib.
O daha sonra bildirir: "5 min manat Azərbaycanda yüz minlərlə insanın İLLİK maaşıdır. Hər xəstəyə xəstəxana qapısında sağlamlığı od qiymətinə satılacaqsa, səhiyyəyə ayrılan milyonlarla dövlət vəsaiti - MİLLƏTİN PULU, PARASI hara gedir?
Hansı sahəyə baxaq, üzümüz gülsün?
Azərbaycanın nüfuzu artır, önəmi çoxalır, regionlar proseslərə yön verir. Qürurlanırıq… Sevinirik… Amma bununla paralel məmurların özbaşınalığı, vətəndaşı heçə saymaq, hər fürsətdə onu yağmalamaq da qalır, axı… Azərbaycan böyüyüb qüdrətləndikcə vətəndaş özünü daha rahat hiss eltməli deyilmi? Məmur öz davranışını “dövlətin artan nüfuzuna xələl gətirməmə” moduna keçirməli deyilmi?
Ədəb çatmır ölkədə, ədəb… Ədəbsiz dövlət, toplum qurmaq olmaz. Məmur ədəbsizdirsə, vətəndaş da bacardığı ədəbsizliyi edəcək. Nə qədər sıxılsa da… Eybəcərlik, özbaşınalıq, nifrət çoxalacaq.
Arzumuz budur?"









