Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan hərbi hissələrdə və ordu mövqelərində yoxlamalar aparıb.
Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin avqustun 20-də yaydığı məlumatda Asryanın hərbi qulluqçularla görüşdüyü və mövqelərdə vəziyyətlə tanış olduğu bildirilir.
Yayılan fotolar xüsusi diqqət çəkir. Kadrlarda Asryanın açıq ərazidə, tam təchizatlı və əllərində silah olan hərbçilərlə birlikdə olduğu, hərbçilərin müşahidə vasitələri və durbinlərlə ərazini izlədiyi görünür. Görüntülər yoxlamanın yalnız hərbi hissələrin daxilində deyil, ordunun sahə mövqelərində də aparıldığını göstərir.
Fotolardakı şərait, hərbçilərin döyüş təchizatı, silahlı vəziyyətdə mövqelərdə dayanması və ərazini durbinlərlə müşahidə etməsi onların Azərbaycanla şərti sərhəd xəttində xidmət aparan bölmələrdən olduğunu göstərir. Asryanın məhz bu mövqelərdə xidmət edən hərbçilərlə görüş keçirməsi də yayılan görüntülərdə əksini tapıb.
Maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin müzakirə olunduğu bir vaxtda Ermənistan ordusunun rəhbərliyinin silahlı və tam təchizatlı hərbçilərin xidmət apardığı şərti sərhəd mövqelərinə baş çəkməsi və burada yoxlamalar keçirməsi diqqət çəkir və müəyyən suallar doğurur.























