İki həftəyə yaxındır ki, “David Seliverstov” adı Azərbaycan mətbuatının, sosial şəbəkələrinin gündəmindədir. Ətrafında yaranan suallar isə artıq yalnız onun adı, kimliyi və “Magen David Azerbaijan”dakı fəaliyyəti ilə məhdudlaşmır. Məsələ getdikcə daha geniş və ciddi müstəviyə keçir.
Müxtəlif ictimai və beynəlxalq statuslarla təqdim olunan bu şəxs Azərbaycanda tanınan holdinqlərdən birinin rəhbərliyində də özünə yüksək vəzifə tapıb. Söhbət “Caspian Capital Holding”dən gedir. Mətbuatda yayılan məlumata görə, “David Seliverstov” 30 iyun 2026-cı ildə holdinqin vitse-prezidenti təyin edilib. Yeni vəzifəsində ona yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələrin koordinasiyası həvalə olunub.
İlk baxışdan bu, adi korporativ təyinat kimi görünə bilər. Amma “David Seliverstov”un adı ətrafında son həftələr meydana çıxan suallar nəzərə alınanda, məsələ artıq sadə kadr təyinatından çox-çox kənara çıxır. Çünki söhbət yalnız bir şəxsin hansısa şirkətdə vəzifəyə gətirilməsindən getmir. Cəmiyyətə özünü müxtəlif mühüm statuslarla təqdim edən, keçmişi ilə bağlı ciddi iddialar səslənən bir şəxs hansı yoxlamalardan keçərək yüksək səviyyəli korporativ və beynəlxalq fəaliyyətlərə buraxılıb?
“David Seliverstov”un rəhbəri və ya təmsilçisi olduğu bildirilən “Magen David Azerbaijan”ın internet resurslarında o, “beynəlxalq hüquq müdafiəçisi” kimi təqdim edilib. Həmin resurslarda onun UN/ECOSOC ilə bağlı statusa malik olduğu da yazılıb. Başqa materiallarda isə “David Seliverstov” “Magen David Group”un Azərbaycan nümayəndəliyinin sədri kimi təqdim olunub. Beləliklə, kifayət qədər maraqlı mənzərə yaranır. Bir tərəfdə beynəlxalq hüquq müdafiəçisi, yəhudi icması ilə əlaqəli şəxs və beynəlxalq strukturlarla bağlı status sahibi kimi təqdim olunan “David Seliverstov” var. Digər tərəfdə isə yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələrə cavabdeh holdinq vitse-prezidenti.
Bütün bu statusların hüquqi və faktoloji əsası nədir?
Xəbər verdiyimiz kimi “David Seliverstov” adı ilə tanınan şəxs əslində Kazım Elşən oğlu Abbasovdur. Kazım Abbasov nə vaxtdan “David Seliverstov” adı ilə ictimai fəaliyyət göstərməyə başlayıb? Bu ad rəsmi qaydada dəyişdirilibmi? Dəyişdirilibsə, nə vaxt və hansı hüquqi əsasla? Hansı ölkələrdə və hansı hüquqi statusla bu addan istifadə olunub?
Bu sualların cavabı xüsusilə ona görə vacibdir ki, hazırda həmin ad yalnız sosial şəbəkələrdə istifadə olunan təxəllüs kimi yox, korporativ və beynəlxalq statuslarla birlikdə təqdim olunur. “David Seliverstov” ətrafında yaranan sualların ən ciddi hissələrindən biri onun “David Seliverstov” kimi tanınmasından əvvəlki dövrü ilə bağlıdır.
Hüquq müdafiəçilərinin mediaya təqdim etdikləri məlumatlara görə, Kazım Elşən oğlu Abbasov daha əvvəl bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub və məhkumluq həyatı yaşayıb. Təqdim olunan məlumatlara əsasən, o, 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb və Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə – xeyli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı üzrə cinayət məsuliyyətinə cəlb edilib. Daha sonra, 29 sentyabr 2014-cü ildə onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı bildirilir. Həmin məlumatlara görə, bu dəfə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə – külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb. Məlumatlarda qeyd olunur ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kazım Abbasov 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin mənbələr onun 2022-ci ildə azadlığa çıxdığını bildirir.
Onun keçmişini tanıyan şəxsin sözlərinə görə, Kazım Abbasov “David Seliverstov” adı ilə ictimaiyyət qarşısında görünməzdən əvvəl Nəsimi rayonu ərazisində özünü fərqli formada təqdim etməklə qadınlara qarşı dələduzluq xarakterli hərəkətlər edib və məhz bu əməlinə görə həbs həyatı yaşayıb. Eyni zamanda, onun atasının vaxtilə məhkumluq həyatı yaşadığı, anasının isə otellərdən birində işlədiyi barədə də məlumat var.
Məhkumluq həyatı yaşamış şəxsin sonradan tamamilə fərqli ad və bioqrafik təqdimatla beynəlxalq hüquq müdafiəçisi, yəhudi icmasının nümayəndəsi və böyük biznes holdinqinin vitse-prezidenti kimi meydana çıxması hansı prosedurlardan keçib? Yeni adla fəaliyyətə başladıqdan sonra əvvəlki məhkumluq barədə məlumatlar onun təqdim etdiyi bioqrafiyalarda niyə görünmür?
Eyni suallar onun yəhudi icmasının nümayəndəsi kimi təqdim olunmasına da aiddir. Bu statusu təsdiqləyən hansı sənədlər mövcuddur? Konkret hansı icma və ya təşkilat onu öz nümayəndəsi kimi tanıyıb? Əgər belə bir mandat varsa, onu kim verib?
Burada söhbət şəxsin dini və ya etnik mənsubiyyətini mübahisələndirməkdən getmir. Məsələ ondan ibarətdir ki, hər hansı kimlik beynəlxalq platformalarda rəsmi nümayəndəlik, status və etimad yaratmaq üçün təqdim edilirsə, həmin statusun hüquqi və faktoloji əsası cəmiyyətə açıqlanmalıdır.
Eyni suallar “Magen David Azerbaijan”la bağlıdır.Əgər təşkilat özünü hüquq müdafiə və xeyriyyə qurumu kimi təqdim edibsə, onun hüquqi qeydiyyatı, rəhbərliyinin formalaşdırılması, beynəlxalq əlaqələri və ayrı-ayrı şəxslərə verdiyi statusların hüquqi əsası açıq olmalıdır. Çünki burada söhbət artıq şəxsi reputasiyadan yox, ictimai etimaddan gedir. Əgər bir şəxs bu təşkilat vasitəsilə beynəlxalq hüquq müdafiəçisi, yəhudi icmasının nümayəndəsi və beynəlxalq strukturlarla əlaqəli şəxs kimi təqdim olunursa, həmin statusların sənədlə təsdiqlənməsi normal və qanuni sualdır.
İndi məsələyə yeni və daha ciddi sual əlavə olunur. “Caspian Capital Holding” rəhbərliyi “David Seliverstov”u vitse-prezident vəzifəsinə təyin edərkən onun bioqrafiyasını araşdırıbmı? Onun əvvəlki adını bilirdimi? Məhkumluq keçmişi barədə məlumat əldə edilmişdimi? Təmsil etdiyi təşkilatların real hüquqi statusu yoxlanılmışdımı? Beynəlxalq əlaqələri və təqdim etdiyi statusların doğruluğu araşdırılmışdımı?
Əgər araşdırılıbsa, nəticəsi nə olub? Əgər araşdırılmayıbsa, niyə? Çünki söhbət sıradan bir vəzifədən getmir. Holdinqin öz açıqlamasına görə, “David Seliverstov”a yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələr kimi həssas istiqamətlər həvalə olunub. Belə vəzifəyə təyin olunan şəxsin keçmişinin araşdırılması isə ən elementar korporativ təhlükəsizlik prosedurlarından biri olmalıdır. Bu səbəbdən holdinq rəhbərliyinin mövqeyi xüsusi əhəmiyyət daşıyır. “David Seliverstov” məsələsində ən maraqlı məqam da məhz budur.
Artıq əsas sual yalnız onun kimliyi deyil. Bu şəxs illər ərzində kimlərin etimadını qazanıb, hansı sənədlərlə hansı statusları əldə edib və nəticədə hansı qapılar onun üzünə açılıb? Hüquq müdafiəçisi statusu, yəhudi icmasının nümayəndəliyi, beynəlxalq təşkilatlarla əlaqələr, İsrail dövlət strukturlarına yaxınlıq iddiaları və nəhayət, böyük biznes holdinqində strateji istiqamətlərə rəhbərlik. Bir şəxsin bu qədər fərqli sahədə necə sürətlə mövqe qazanması izah olunmalıdır.
Bütün bunların fonunda “David Seliverstov”un sosial şəbəkələrdə verdiyi mesajlar da diqqətdən kənarda qalmır. Mətbuatda onun ölkəni tərk etdiyi barədə məlumatlar yayılandan sonra müxtəlif platformalarda “həqiqətin üzə çıxmasına 1 gün qalır”, “ayın 20-də gəlirəm” kimi statuslar paylaşılır. Son paylaşımında da o, ayın 20-də Azərbaycanda olacağını bildirib. Musavat.com-un araşdırmasına görə isə həmin paylaşımda istifadə etdiyi görüntünün Albaniyanın Vlorë şəhərində çəkildiyi müəyyənləşdirilib.
Redaksiyanın əldə etdiyi məlumata görə, Azərbaycanı tərk edərkən onun istifadə etdiyi sənəd də “David Seliverstov” adına deyil, Kazım Abbasov adına verilmiş ümumvətəndaş pasportu olub. Deməli, indi məsələ təkcə onun 20 avqustda Azərbaycana gəlib-gəlməməsi deyil. Əgər həqiqətən “həqiqət” açıqlanacaqsa, cəmiyyət sosial şəbəkə statuslarından daha çox sənədlər gözləyir. Bu ada, bu statuslara və bu vəzifələrə qədər gedən yol necə açılıb və həmin qapıların açılmasına kimlər şərait yaradıb?
Musavat.com









