Ermənistanın hakimiyyət komandasında baş verən son kadr dəyişikliyindən sonra ölkənin siyasi arenasında qarşıdurma daha da sərtləşir. Milli Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyanın sabiq prezident Robert Köçəryan və rusiyalı biznesmen Samvel Karapetyanın tərəfdarlarına ünvanladığı təhdid xarakterli açıqlamalar Ermənistanda hakimiyyət-müxalifət münasibətlərinin yeni gərginlik mərhələsinə keçdiyini göstərir.
Simonyan sosial şəbəkə hesabında parlamentdəki müxalifət qüvvələrini sərt ifadələrlə tənqid edib və onların arxasında dayanan liderlərə qarşı daha kəskin addımlar ata biləcəyinə işarə edib. O, Köçəryan və Karapetyanın tərəfdarlarını hakimiyyət nümayəndələri ilə qarşıdurmanı davam etdirməkdən çəkinməyə çağırıb.
Simonyanın açıqlamasında müxalif deputatlar savadsızlıqda və siyasi liderlərinin maliyyə imkanlarından istifadə etməklə parlamentə düşməkdə ittiham olunub. Yeni təhlükəsizlik katibi onların fəaliyyətini özünə qarşı aparılan siyasi kampaniya kimi qiymətləndirərək, bundan sonra yalnız müxalif siyasətçilərin deyil, onların liderlərinin də hədəfə çevrilə biləcəyini bildirib.
Xüsusilə sabiq prezident Robert Köçəryan və rusiyalı oliqarx Samvel Karapetyanın adlarının çəkilməsi diqqət çəkir. Simonyan hər iki şəxsi müxtəlif ifadələrlə hədəfə alaraq, siyasi qarşıdurmanın daha yüksək səviyyəyə keçə biləcəyinə dair mesaj verib.
Bu açıqlama Alen Simonyanın Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunmasından cəmi bir neçə gün sonra səslənib. Ermənistan parlamentinin keçmiş sədri avqustun 14-də baş nazir Nikol Paşinyanın qərarı ilə Armen Qriqoryanı əvəz edərək ölkənin əsas təhlükəsizlik strukturlarından birinə rəhbər gətirilib.
Paşinyanın yeni komanda üzvünün ilk siyasi mesajlarından birinin məhz Köçəryan və Karapetyan düşərgəsinə yönəlməsi Ermənistanda hakimiyyətlə müxalifət arasında mübarizənin daha da kəskinləşə biləcəyinə dair suallar yaradıb.
Alen Simonyanın sərt açıqlamaları sadəcə siyasi ritorikadır, yoxsa hakimiyyət müxalifətə qarşı yeni tədbirlərə hazırlaşır? Köçəryan və Karapetyanın adlarının açıq şəkildə hədəfə alınması Paşinyan hakimiyyətinin hansı siyasi hesablamasına işarə edir?
Milli Məclisin deputatı Könül Nurullayeva Musavat.com-a açıqlamasında vurğulayıb ki, Ermənistanda parlament seçkilərindən sonra hakimiyyətlə müxalifət düşərgələri arasında siyasi qarşıdurmanın səngimədiyi müşahidə olunur:
“Xüsusilə hakim “Mülki müqavilə” fraksiyası ilə sabiq prezident Robert Köçəryan və iş adamı Samvel Karapetyanın ətrafında formalaşan siyasi düşərgələr arasında qarşıdurma son aylarda daha da nəzərəçarpan xarakter alıb. Alen Simonyanın adının müxalifətlə qarşıdurmada hallanması təsadüfi deyil. Simonyan artıq Milli Təhlükəsizlik Şurasının katibi kimi revanşistləri təhdid edir. Əslində Alen Simonyanın siyasi ritorikası xüsusilə Robert Köçəryanla münasibətlər kontekstində diqqət çəkir. O, dəfələrlə Köçəryanı sərt tənqid edib. Seçki kampaniyası dövründə Simonyan Köçəryanın və digər müxalif fiqurların hakim “Mülki müqavilə” partiyasının reytinqinə əksinə, müsbət təsir etdiyini bildirərək, onların televiziya efirlərinə çıxmasının hakimiyyət üçün siyasi baxımdan sərfəli olduğunu söyləmişdi. Simonyanın əvvəlki açıqlamalarından da görünür ki, hakimiyyət Köçəryanı hələ də əsas siyasi rəqiblərdən biri kimi qəbul edir. Samvel Karapetyanla münasibətlər isə daha da kəskin xarakter alıb. Karapetyan 2026-cı ilin mayında Simonyanın onun haqqında sosial şəbəkələrdə səsləndirdiyi fikirlərlə bağlı məhkəməyə müraciət edib və 6 milyon dram məbləğində kompensasiya tələb edib. Bu isə onu deməyə əsas verir ki, məsələ yalnız siyasi polemika ilə məhdudlaşmır. Hakimiyyətə yaxın fiqurlarla Karapetyan və onun siyasi çevrəsi arasında qarşıdurma hüquqi müstəviyə də keçib”.
Parlamentarinin fikrincə, bu mənzərə Ermənistanın siyasi sistemində yeni xaotik mərhələnin formalaşdığını göstərir:
“Bununla yanaşı, iqtidar daxilində də müəyyən fikir ayrılıqlarının olmasına dair məlumatlar yayılmaqdadır. Yəni Nikol Paşinyan hakimiyyəti seçkilərdən sonra parlamentdə əsas siyasi mövqeyini qorusa da, hakimiyyətin qarşısında artıq yalnız ənənəvi müxalifət deyil, böyük maliyyə imkanlarına və müəyyən ictimai-siyasi dayaqlara malik yeni təsir mərkəzləri də dayanır. Deyə bilərik ki, Ermənistanda seçkilərdən sonra hakimiyyət-müxalifət qarşıdurması başa çatmayıb, əksinə, yeni siyasi fiqurların və maliyyə-siyasi qrupların meydana çıxması ilə daha mürəkkəb xarakter alıb. Ona görə Paşinyan hakimiyyəti Azərbaycanla normallaşma prosesi ilə bağlı qərarları operativ verməlidir. Əks halda yubanma riskləri də artırır”.









