Sosial şəbəkələrdə müğənni Sevda Sanaliyevanın hərbi geyim elementlərindən istifadə edərək rəqs etdiyi görüntülər yayılıb. Görüntülər hərbi formanın qeyri-hərbi məqsədlərlə istifadəsi, onun cəmiyyət üçün daşıdığı mənəvi məna və belə davranışların nə dərəcədə doğru olduğu barədə müzakirələrə səbəb olub.
Bəs hərbi geyimdən səhnə və əyləncə məqsədilə istifadə etmək nə dərəcədə düzgündür və bu davranış hərbi formaya hörmətsizlik kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi geyimlə bağlı cəmiyyətə münasibətdə müəyyən müddət əvvəl aparılan müzakirələr və xəbərdarlıqlar artıq diqqətdən kənarda qalıb:
“Bu, sosial şəbəkələrdə yayılan ilk və son görüntü deyil. Azərbaycanda bir çox məsələ kampaniya xarakteri daşıdığı üçün hərbi forma ilə bağlı məsələ də müəyyən müddətdən sonra yaddan çıxıb. Bir vaxtlar hərbi geyimdən qanunsuz istifadə ilə bağlı cərimələrin tətbiqi, cərimələrin büdcəyə yönəldilməsi barədə müzakirələr aparılırdı. Göründüyü kimi, yenə də hərbi geyimdən müxtəlif məqsədlər üçün istifadə hallarına rast gəlirik”.
Ekspert Sevda Sanaliyevanın görüntülərində tam hərbi formadan deyil, hərbi geyim elementlərindən istifadə olunduğunu qeyd etsə də, bunu yolverilməz hesab edib:
“Burada mən deyərdim ki, tam hərbi geyim deyil. Qadın hərbi şalvar geyinib, köynək də hərbi rəngdə olan geyimdir. Amma bu halda belə, hərbi formaya münasibətdə hörmətsizlik nümayiş etdirilir. Bu forma hansı məqsədlə yaradılıb, onun mahiyyəti nədir – bunları anlamaq lazımdır”.
Üzeyir Cəfərovun sözlərinə görə, hərbi geyim Azərbaycan əsgərinin şərəf və fədakarlığı ilə bağlı simvolik məna daşıyır:
“Əgər həmin şəxs anlasa idi ki, o formada Azərbaycan əsgərləri düşmən qarşısına çıxıb, qəhrəmanlıq göstərib, şəhid olublar, belə davranışa yol verməzdi. Hərbi forma rəqs səhnəsi üçün nəzərdə tutulmayıb. Bəzi görüntülərdə nümayiş etdirilən hərəkətlər daha çox rəqqaslara xas elementlərdir. İnsan özünün müğənni, yoxsa rəqqas olduğunu da müəyyən etməlidir. Amma burada hərbi geyim elementi olduğu üçün məsələyə sərt yanaşıram”.
Ekspert hesab edir ki, məsuliyyət yalnız geyimi nümayiş etdirən şəxsin üzərində qalmamalıdır. Onun sözlərinə görə, belə görüntülərin çəkildiyi restoran və digər ictimai iaşə obyektləri də məsuliyyət daşımalı, hərbi geyimdən bu cür istifadəyə şərait yaratmamalıdır:
“Bu məsələ ilə bağlı müvafiq qurumlar məşğul olmalıdır. Hər kəs anlamalıdır ki, hərbi forma müqəddəsdir. Restoran rəhbərliyi də belə hallara icazə verməməlidir. Söhbət yalnız bir restorandan getmir. Bütün restoranlar, iaşə və hətta ticarət obyektləri bu məsələyə diqqət yetirməlidirlər”.
Cəfərov əlavə edib ki, insanın ətrafında olan şəxslər də bu cür davranışların qarşısını almağa çalışmalıdır:
“Ən azından həmin şəxslərin ətrafında olan insanlar onları belə hərəkətlərdən çəkindirməlidirlər. Hərbi formaya adi səhnə və ya şou geyimi kimi yanaşmaq olmaz”.
KONKRET.az məsələ ilə bağlı müğənni Sevda Sanaliyeva ilə də əlaqə saxlayıb. Sualımızı ona ünvanladıqda isə müğənni telefonun dəstəyini yerə qoyub və açıqlama verməyib.
Beləliklə, sosial şəbəkələrdə yayılan görüntülər yalnız bir müğənninin səhnə davranışından ibarət məsələ deyil. Hərbi geyimin Azərbaycan cəmiyyətində daşıdığı mənəvi və simvolik yük nəzərə alınaraq, bu cür geyim elementlərindən istifadə zamanı daha həssas və məsuliyyətli davranılması zəruridir.










