Yeni tədris ilinin başlamasına sayılı həftələr qaldıqca, valideynlərin məktəb alış-verişi də gündəmə gəlir.
Məktəbli forması, çanta, dəftərxana ləvazimatları ilə yanaşı, nəqliyyat, kurs və hazırlıq xərcləri də ailə büdcəsinə ciddi yük yaradır.
“Cebheinfo.az” xəbər verir ki, Azərbaycanda bir uşağın təhsil və təminatı ilə bağlı aylıq xərclərin orta hesabla 150–400 manat arasında dəyişir. Bununla yanaşı, sentyabr ayında məktəbə hazırlıq üçün tələb olunan ilkin alış-verişə birdəfəlik 150–300 manat vəsait lazım olur.
Məktəbli üçün əsas xərclər
Məktəbli geyimlərinin qiyməti məhsulun keyfiyyətindən və satış yerindən asılı olaraq dəyişir. Məsələn, Bakı Tikiş Evinin məhsulları üzrə köynək təxminən 8–10 manat, şalvar və ya ətək 15 manat, jaket isə 20 manat civarındadır. Ayaqqabı da nəzərə alındıqda məktəbli geyiminə ilkin olaraq təxminən 60–100 manat xərclənir.
Dəftərxana ləvazimatları da ailə büdcəsində ayrıca xərc yaradır. Məktəbli çantalarının qiyməti təxminən 20–60 manat, dəftərlərin qiyməti isə 20–40 qəpikdən başlayır. Qələm, karandaş və digər ləvazimatlarla birlikdə ilkin dəftərxana xərci orta hesabla 30–70 manat təşkil edə bilər.
Lakin əsas xərc yalnız sentyabr alış-verişi ilə bitmir.
Məktəbə gedib-gəlmək üçün ictimai nəqliyyat və ya məktəb avtobusundan istifadə edən ailələr ayda təxminən 30–80 manat xərcləyə bilər. Əlavə fənlər üzrə kurs və hazırlıq dərsləri isə aşağı siniflərdə ailənin büdcəsindən ayda 80–200 manat aparır. 9-11-ci siniflər üzrə bu rəqəm hər fənn üzrə 80-100 manat civarında olur.
Eyni məhsulun qiyməti niyə dəyişir?
Məktəb ləvazimatlarının qiymətləri satış məntəqəsindən asılı olaraq da ciddi fərqlənir. Məsələn, açıq bazarlarda, o cümlədən Sədərək və Binə ticarət məntəqələrində daha ucuz variantlara rast gəlmək mümkündür.
100 vərəqli dəftər:
* Açıq bazar: 0,30–0,40 manat
* Yerli dəftərxana və mağazalar: 0,50–0,80 manat
* Onlayn platformalar: 0,40–0,70 manat
Məktəbli çantası:
* Açıq bazar: 15–30 manat
* Mağaza: 30–70 manat
* Onlayn platformalar: 25–60 manat
Polo köynək:
* Açıq bazar: 6–8 manat
* Mağaza: 8–12 manat
* Onlayn platformalar: 8–10 manat
Sadə qələm:
* Açıq bazar: 0,05–0,10 manat
* Mağaza: 0,20–0,40 manat
* Onlayn platformalar: 0,15–0,30 manat
Beləliklə, valideyn daha sərfəli alış-veriş etmək üçün eyni məhsulun qiymətini müxtəlif satış nöqtələrində müqayisə etməli olur.
Ümumilikdə, məktəbə hazırlıq xərcləri yalnız çanta, forma və dəftərlə məhdudlaşmır. Nəqliyyat, kurs, hazırlıq və il ərzində yenilənən ləvazimatlar nəzərə alındıqda bir uşağın təhsil xərcləri ailə büdcəsində əhəmiyyətli pay tutur. Xüsusilə bir neçə məktəbli uşağı olan ailələr üçün bu məbləğ daha da artır.









