Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi “Meqaplus” firması (VÖEN – 2900377921) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Bildirilir ki, “Meqaplus” firması Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda cari və əsaslı təmir işlərini həyata keçirəcək.
Tender müsabiqəsinin şərtlərinə görə, “Meqaplus” firması görüləcək işlərin qarşılığında Gömrük Komitəsindən 8 milyon 470 min 663 manat 74 qəpik alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan “Meqaplus” firması 24.04.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhəri, Məh 3, ev 6/21, m. 14 ünvanında yerləşən “Meqaplus” firmasının qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.
Qeyd edək ki, “Meqaplus” firması barədə açıq internet resurslarında geniş məlumat mövcud deyil. Azsaylı məlumatlardan belə görünür ki, “Meqaplus” firması tikinti sektorunda fəaliyyət göstərir və dövlət qurumlarının keçirdiyi milyonlarla manat dəyərində tender müsabiqələrində qalib olur.
Onu da bildirək ki, hazırda “Meqaplus” firmasının dövlət büdcəsinə 181 min 356 manat 9 qəpik vaxtında ödənilməyən vergi borcu var.









