Əliyevin Astana səfəri iki hədəf kontekstində əhəmiyyətlidir.
Birincisi, Orta dəhlizin perspektivlərinin gücləndirilməsi – Avrasiyanın nəqliyyat şəbəkəsində möhkəmlənmək;
İkincisi, qlobal proseslərdə təsir mərkəzinə çevrilə biləcək orta gücün formalaşdırılması;
Azərbaycan prezidenti Qəbələ zirvəsində türk dünyasının vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bəyan etdi. Bu, Bakının bundan sonra xüsusi diqqət yetirəcəyi strateji xətt olacaq və Əliyevin strategiyanın praktiki müstəvidə həyata keçirilməsini Astanadan başlaması təsadüfi deyil, çünki Azərbaycan və Qazaxıstan türk coğrafiyasının iki dayaq sütununu təşkil edir. Türk coğrafiyasında mümkün vahid güc mərkəzinin qurulması qütbləşmənin dərinləşdiyi geosiyasi müstəvidə orta güc rolunu oynaya bilər.
Orta dəhliz marşrutunun möhkəmlənməsi belə bir gücün əsas dayaqlarındandır. Bu marşrutun iki əsas habını - Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan Cənubi Qafqazda, təşkil edən Bakı və Astana liderlər səviyyəsində “saatları yoxlayır” - gündəliyi eyniləşdirir. Bu baxımdan, Əliyevin səfəri türk dünyasında, həm də Orta dəhliz marşrutunda coğrafi parçalanmanı aradan qaldıracaq Zəngəzur dəhlizinin açılması razılaşmasından sonra prosesə praktiki müstəvidə strat verilməsi kimi qiymətləndirilə bilər.
Bakı və Astananın gündəliyində olan cari məsələlər də var.
1. Xəzərin üzləşdiyi ekoloji fəlakətin aradan qaldırılması;
2. Ermənistanla sülh danışıqlarında Astana platformasının perspektivləri (Əliyevdən sonra Paşinyanın da Qazaxıstana səfəri gözlənilir);
3. AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq: Rusiya Azərbaycanın tələblərini qəbul etsə də, Putin Düşənbədə istintaq prosesini izləyəcəklərini dilə gətirdi; bu, Moskvanın Bakı ilə razılaşsa belə, “arqumentləri”ni gücləndirmək üçün prosesə müdaxilə risklərini yaradır, daha öncə analoji hal baş verib; Azərbaycan Qazaxıstanla istintaq prosesinin üzərindən bir daha keçmək niyyətindədir.
Asif Nərimanlı - "DİA-AZ"