Son həftələrdə dünya neft bazarında qiymətlər kəskin dalğalanır. “Brent” neftinin qiyməti 60 dollar səviyyəsindədir, “Azeri Light” markalı Azərbaycan nefti isə büdcədə nəzərdə tutulan qiymətdən 7–8 dollar ucuz satılır. Bəs dünya bazarında neft qiymətlərində ucuzlaşmaya səbəb nədir?
Ucuzlaşma fonunda iqtisadi cəhətdən neftdən asılı olan ölkəmizi nə gözləyir?
Moderator.az-a danışan iqtisadçı alim Vüsalə Əhmədova deyib ki, dünya bazarında neftin ucuzlaşmasının əsas səbəbi neft təklifinin sürətlə artırılmasıdır. Onun sözlərinə görə, 2026-cı il üçün neft bazarında gündəlik 3-4 milyon barel səviyyəsində əlavə təklif proqnozlaşdırılır:
“Beynəlxalq Enerji Agentliyi bazarda 2026-cı ilə qədər gündəlik 4 milyon barel təklif artıqlığı ola biləcəyini bildirib. OPEC+ ölkələri hasilatı artırmaq qərarına gəlib. Görünən odur ki, neft istehsalçıları hasilatı artırmaqda davam edirlər, bazarda rəqabət güclənir. Təklifin artması, əvəzində isə tələbin gözləniləndən az olması bazada ehtiyatların artmasına səbəb olur. Ehtiyatların yüksəlməsi isə qiymətlərin düşməsinə gətirib çıxarır. Neft qiymətləri yalnız cari təklif və tələbə deyil, həm də gələcəkdəki gözləntilərə bağlıdır. ABŞ-Çin arasında ticarət gərginliyi bazarda tələbin zəifləyəcəyi barədə narahatlıqlar yaradır. Həmçinin, investorlar gələcəkdə təklifin çoxalacağını və tələbin zəifləyəcəyini düşündükcə, neft fyuçersləri ucuzlaşır. Digər tərəfdən də, qlobal iqtisadi durğunluq, ticari mübahisələr, sənaye fəaliyyəti və logistikanın zəifləməsi kimi amillər neftə olan tələbi aşağı salır. Nəticədə, 2026-cı il üçün neftin qiymətinin təxminən 50-60 dollar/barel aralığında olması ehtimal olunur. Qiymətlərin 50 dollar/barel səviyyəsinə düşməsi daha pessimist ssenaridir”.
İqtisadçı neft qiymətlərinin zəifləməsini Azərbaycan üçün əsas risklərdən biri olduğunu diqqətə çatdırıb:
“ Çünki dövlət büdcəsi və ixrac gəlirlərində neft-qaz sektoru hələ də ciddi paya malikdir. Bu düşüş birbaşa büdcə gəlirlərinin azalmasına səbəb olur, makro-fiskal sabitlik üçün təzyiq yaradır. Məlumdur ki, neft-qaz gəlirləri büdcə daxilolmalarının 75%-ni təşkil edir. Bu o deməkdir ki, neft qiymətlərində ciddi düşüş büdcə kəsirini artıracaq. Nəticədə, SOCAR və beynəlxalq neft şirkətlərinin qazanc marjaları darala, dövlət transfetləri məhdudlaşa, layihələr və investisiya xərcləri təxirə salına bilər. Bəzi layihələrin risk altına girməməsi üçün, vergilərin artırılması ilə əvəz oluna bilər ki, bu da dolayısıyla vətəndaşların iqtisadi vəziyyətini pisləşdirəcək”.
Vüsalə Əhmədova sonda qeyd edib ki, manat üzərində devalvasiya təzyiqi yaranması ehtimal olunur:
“Belə olan halda, Mərkəzi Bankın valyuta ehtiyatları ilə təzyiqi yüngülləşdirməsi mütləqdir. Çünki, hazırkı vəziyyətdə devalvasiya real maaş və pensiyaların alıcılıq qabiliyyətini itirməsi deməkdir. Manatın 1,90-2.00 AZN/dollar səviyyəsində olması illik 12–15% inflyasiya anlamına gəlir. Bundan da, aşağı və orta gəlirli təbəqə daha çox zərbə ala bilər, çünki onların xərclərinin böyük hissəsi ərzaq və idxal mallarına yönəlir”.