Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ su təsərrüfatı ilə bağlı 3 tenderin qaliblərini müəyyənləşdirib.
"DİA-AZ" xəbər verir ki, ilk tenderin qalibi “Geo-Eco Innovation Center” MMC (VÖEN: 1005260851) olub. Şirkət Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazisində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisini həyata keçirəcək. Tenderin ümumi dəyəri 1 500 573 manat təşkil edir.
Qeyd edək ki, “Geo-Eco Innovation Center” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Samir Sevdimalıyev Tehran oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 3, m.22-dir.
İkinci tenderin qalibi “Protean Construction” ASC (VÖEN: 9900062801) seçilib. Bu tender çərçivəsində Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinin su təchizatı, tullantı su şəbəkəsi və müvafiq qurğularının tikintisi nəzərdə tutulur. Tikinti işlərinin dəyəri 4 002 828 manat təşkil edir.
Qeyd edək ki, “Protean Construction” ASC (VÖEN : 9900062801) 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 yerləşir.
Üçüncü tenderdə isə qalib “Aztikintiservis” MMC (VÖEN: 3103031301) olub. Şirkət Araz çayının yeni qolu vasitəsilə yeni suvarılan torpaqların istifadəyə verilməsi üzrə I mərhələnin icrasını – torpaq məcralı paylayıcı kanallarda su itkisinə qarşı mübarizə tədbirlərini həyata keçirəcək. Bu layihənin dəyəri 15 892 487 manat müəyyən edilib.
Qeyd edək ki, “Aztikintiservis” MMC 2019-cu ildə təsis olunub, nizamnamə kapitalı 100 AZN-dir. Şirkətin qanuni təmsilçisi Paşa Papaqçıyev Yusif oğludur. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 11-dir.
Ümumilikdə “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tərəfindən həyata keçirilən bu üç tenderin dəyəri 21 395 888 manat təşkil edib.