REAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında dərc etdiyi məlumatda qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
Yeniavaz.com xəbər verir ki, iqtisadçının yaydığı məlumat müzakirələrə səbəb olub.
Bildirilir ki, Natiq Cəfərlinin paylaşdığı məlumatlar həqiqəti əks etdirmir. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri iqtisadçının qeyd etdiyi “58 min 348” rəqəminin əslində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında keçirdikləri gecələmələrin sayı olduğunu bildiriblər.
Qeyd olunur ki, iqtisadçı sözügedən məlumatda əcnəbi turistlərin Naxçıvanda keçirdiyi gecələmə sayını turistlərin sayı kimi təqdim edib.
Məlumat üçün bildirək ki, Naxçıvana səfər edən əcnəbi turistlərin ümumi sayı ilə bağlı rəsmi statistika açıqlanmır. Dövlət Statistika Komitəsinin yaydığı sonuncu məlumatda qeyd olunub ki, ötən il Naxçıvan Muxtar Respublikasındakı mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə 1 319 əcnəbi və vətəndaşlığı olmayan şəxs 2 554 gecə keçirib.
Onu da bildirək ki, gecələmə sayı turistlərin sayından çox olur. Məsələn, bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 219 min 324 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs turist kimi səfər edib və onlar ölkədə 5 milyon 762 min 458 gecə keçiriblər.