Dabaq xəstəliyinin sürətlə yayılması ilə bağlı Azərbaycanın bölgələrində heyvan bazarları bağlanır. Oktyabrın 25 tarixində nəzərdə tutulmuş bu məhdudiyyət paytaxta da istehlak üçün gətiriləcək ətin miqdarını azaldacaq.
Bir müddət əvvəl dabaq xəstəliyinin bölgələrdə tüğyanı ilə bağlı vətəndaşların müraciətlərinə məhəl qoymayan və peyvəndləməni vaxtında yerinə yetirməyən Kənd Təsərrüfatı Nazirliyi hazırda ölkəni bürüyən xəstəlik qarşısında aciz qalıb. Nəticədə heyvan bazarları bağlanır və bununla yanaşı yüzlərlə sahibkar zərərə uğrayır.
Bəs hazırkı vəziyyət ölkədə ətin bahalaşmasına səbəb olacaq?
Kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev Manset.az-a açıqlamasında bu sualı cavablandırıb.
“Hazırda ölkə ərazisində dabaq xəstəliyi tüğyan edir. Buna görə də heyvanların bölgələrdə, müxtəlif rayonlarda bir araya gəlməsi məhdudlaşdırılır ki, xəstəlik daha da yayılmasın. Bu məqsədlə də heyvan bazarlarının işi məhdudlaşdırılıb. Ölkədə satılan ət məhsullarının bir qismini bu bazarlar təmin edirdi. Təbii ki, bu bazarlara məhdudiyyət qoyulması da ölkənin ət istehlakına təsirsiz ötüşməyəcək. Lakin bizim əsas ət tələbatımız xarici idxal hesabına təmin olunur. Pakistan, Ukrayna və s. ölkələrdən Azərbaycana əsas ət idxalı aparılır. Öz istehsalımıza qalsa, vəziyyət acınacaqlı olar”.
Ekspert qeyd edib ki, Azərbaycana xaricdən ət idxal olunmasa, ölkədəki heyvandarlıq daxili tələbatı ödəmək iqtidarında deyil.
“Şükürlər olsun ki, bəzi şirkətlər xarici ölkələrdən ölkəyə ət “dartıb gətirir”. Əks halda, ət qıtlığı Azərbaycanda daha əvvəldən başlayardı və ətin qiyməti də bəlkə də 3 dəfə hazırkından daha baha olardı. Ölkədə heyvandarlığın bu vəziyyətə gəlib çıxmasına səbəb örüş sahələrinin azaldılması, otlaq sahələrinin yerində başqa fəaliyyətlərin həyata keçirilməsidir. Vaxtilə mövcud olmuş hektarlarla otlaq sahələri artıq yox edilib və ya yerinə taxıl əkilməsi üçün şirkətlərə verilib. Bu səbəbdən də heyvandarlıq ölkədə “süqut edir". Otlaq sahələrinin azlığı səbəbindən mal-qaranın sayının azalması bəs deyilmiş kimi, hazırda yoluxucu xəstəliklərdən ən qorxulusu dabaq xəstəliyi də baş alıb gedir. Düzgün və vaxtında aparılmayan peyvəndləmə prosesi xəstəliyin daha da şiddətlənməsinə gətirib çıxarır. Bu da heyvandarlığı günü-gündən məhv edir”.