Bəzi seriallarda gördüyümüz murdarlıqlar öz ölkəmizdə yaşanır.
Şirvan zonasında qadın hərbçi həyat yoldaşına öz baldızının əri (kişinin bacısının əri) ilə xəyanət etmişdi. Bir uşaqları vardı. Kişi uşağın ondan alınmasını, analıq hüququndan məhrum edilməsini istəyirdi. Deyirdi ki, bu əxlaqda olan qadın normal uşaq tərbiyə edə bilməz. Amma məhkəmə iddiasını təmin etmədi.
Cənub rayonlarından birində isə kişi fəhləliklə pul qazanırdı. Günün birində evə gələndə zəng edir ki, evə almaq üçün nə lazımdır? Görür ki, yoldaşının telefonu uzun müddət məşğuldur. Soruşur ki, kiminlə danışırdın? O da deyir ki, “anamla”. Axşam yoldaşının telefonuna baxanda görür ki, qonşuda yaşayan dostunun nömrəsi ilə olub danışıq. Bunların arasındakı münasibətləri dəqiqləşdirəndən sonra qadını atasının evinə göndərmək istəyir, o isə getmir. Dava zamanı yuxarı pilləkəndən itələyir, qadın yıxılır. Gətirib o vəziyyətdə atır atasıgilə. Kişi də həbs olunur. Kişi deyirdi ki, məni heç kənardakıların nə deməyi maraqlandırmır. Təsir edən odur ki, mən pul qazanmaq üçün əzab-əziyyət çəkdiyim bir vaxtda bu da evdə mənə xəyanət edirmiş…
Sosial şəbəkələrdəki müzakirələrə baxırsan, bir tərəf sanki xəyanətə haqq qazandırır, “öz həyatıdır, özü bilər” havasında, o biri tərəf də xəyanətə görə qətlə. Hər ikisi də kökündən səhvdir, ona görə qadın qətllərinin sayı azalmır ki, azalmır…
Aytən - "DİA-AZ"