Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə yeznəsini bıçaqlamaqda təqsirləndirilən Rahim Zamanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Rahim Zamanovun ifadəsi ilə davam edib:
"Daha əvvəl adım heç bir cinayət işində hallanmayıb. Yeznəmlə əvvəl çox yaxşı münasibətim olub. Mart ayı idi, həmin günü bacım və yeznəmin çağırışı ilə dostumla birlikdə onlara getdim. Günorta saat 3-4 radələri olardı. Yemək yedik, içdik. Yemək əsnasında İlkin çay istədi, bacım gətirdi. Bundan sonra İlkin bacımın üstünə qışqırdı, valideynlərimlə bağlı çox ədəbsiz bir söyüş söydü. Bu mənə çox ağır gəldi, ona ağzından çıxan sözə diqqət etməsini, dostumun yanında ailədaxili məsələləri qabartmamasını ona irad tutdum. Sözlərim İlkinə xoş gəlmədi, dedi ki, çıxaq çölə söhbət edək. Dəhlizdən keçəndə çantamda olan bıçağı götürüb cibimə qoydum. Çıxandan sonra İlkin mənə dedi ki, "Özüm bilərəm həyat yoldaşımla necə danışaram, ailə işimə qarışma". Dözə bilmədim, onun sağ hissəsindən bıçağı vurdum. Mən bıçağı özümü müdafiə üçün götürmüşdüm. Sonra "təcili yardım"ı çağırdım."
Növbəti proses 27 avqust 14:00-a təyin edilib.
Xatırladaq ki, hadisə 14 mart 2026-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 2008-ci il təvəllüdlü Rahim Zamanov münaqişə zəminində qaynı, 1993-cü il təvəllüdlü İlkin Məmmədovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Hadisənin ailədaxili narazılıq zəminində baş verdiyi, münaqişənin zərərçəkənin bacısı ilə bağlı olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanılıb, Rahim Zamanova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində qətimkan tədbiri seçilib.

















